Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18 724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24 fevral 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.