
“Reuters” agentliyi Çinin 20 hərbi-analitik saytını nəzərdən keçirib və Ukraynadakı müharibəni təhlil edən 100-dən çox məqaləni araşdırıb.
Modern.az xəbər verir ki, agentlik məqalələrdə Rusiyanın müharibədəki çatışmazlıqlarını kifayət qədər səmimi təhlil edildiyini bildirib.
Qeyd olunur ki, çinli tədqiqatçılar döyüş meydanında rabitə üçün istifadə edilən “Starlink” peyklərindən istifadə təcrübəsini uğurlu hesab edir və bu peykləri məhv etmək üçün vasitələrin işlənib hazırlanmasını tövsiyə edirlər.
Digər tövsiyə zirehli texnikanın Qərb istehsalı “Javelin” tank əleyhinə raketlərlə məhv edilməsinin qarşısının alınması ilə bağlıdır. Onlar zirehli texnikaları raketlərdən qorumaq üçün təkliflər irəli sürüblər.
Ukrayna müharibəsini dəqiq təhlil edən və öyrənən məqalə müəlliflərinin Çin Xalq Azadlıq Ordusunun universitetləri, hərbi sənaye kompleksinə daxil olan müəssisələr, Çin hərbi kəşfiyyatının ehtiyaclarına xidmət edən tədqiqat mərkəzlərində çalışdıqları bildirilir.