Şeyxülislamlıq Muzeyi nəyi təqdim edəcək?
Hər bir dövlətin ictimai-siyasi tarixini öyrənmək üçün muzeylərin xüsusi əhəmiyyəti var. Maddi-mədəni nümunələr, tarixin süzgəcindən keçmiş eksponatlar, qədim kitabələr vətəndaşlara mənsub olduğu ölkənin tarixi barədə aydın təsəvvür yaradır. Bununla yanaşı, bu müzeylər həm də dünya arxivlərində yer almış sənədlərin toplanması üçün vacib məkanlardandır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tarixi bu baxımdan Azərbyacan dövlətinin mühüm səhifələrindən biridir. Dini mərkəz olaraq QMİ son 150 ildə özünün ibrətli tarixi ilə azərbaycanlı müsəlmanların avanqardı olaraq çıxış edib və tarixin müxtəlif çağlarında cəsarətli maarifçi fikirlərin təbliğində iştirak edib.
Bu ilin may ayında QMİ-nin müqəddəs Ramazanla bağlı verdiyi iftar süfrəsində Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislamlıq Muzeyinin yaradılmasının vacibliyini vurğulayıb. Dövlət başçısının fikrincə, belə bir muzey mərkəz kimi fəaliyyət göstərərək, ölkədə yürüdülən multkultural siyasəti insanlara əyani nümayiş etdirə biləcək.
Şeyxülislam Allahşükür Paşazadə “Real” TV-yə müsahibəsində dövlət başçısının bu təklifini yüksək dəyərləndirib. QMİ sədri bildirib ki, burada söhbət Allahşükür Paşazadədən yox, Şeyxülislamlıqdan gedir:
“Məndən əvvəlki şeyxülislamların həyatını, fəaliyyətini, din tariximizi xalqa çatdırmaq baxımından vacib təklifdir. Onlar bu gün dünyada yoxdurlar, amma bu din xadimləri azərbaycançılıq üçün böyük işlər görüblər.
Mənim özümün 17 dövlətdən orden və mükafatlarım var. Bütün bunlar mənim deyil, xalqındır. Bu mükafatlar Azərbaycandakı tolerantlığa, dinlərarası dialoqa, dövlətin mənim üçün yaratdığı şəraitə verilən qiymətdir. Bu mükafatların hamsını həmin açılacaq muzeydə öz yerini tutmalıdır. Mənə verilən hədiyyələr var. Onları özümdə saxlayıram. Məsələn, Səudiyyə kralının hədiyyə olaraq verdiyi Kəbə qapısının örtüyünün qiyməti yoxdur. Muzeyin açılışını gözləyirəm, bütün hədiyyələri ora verəcəyəm”.
Şeyx müzeyin İçərişəhərdə açılmasını təklif edib.
Çox maraqlı ideya olan bu təklif bir sıra amillərə görə mühümdür.
Azərbaycanda din və dini fəaliyyətin tarixi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.
Son 200 ilin müxtəlif ideoloji quruluşlarında yaşayan ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da, islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb. Bütün bu tarixin indiki nəslə təqdim edilməsi yaxşı olardı.
Yaradılacaq müzeydə Azərbaycanın bütün şeyxülislamlarının, nüfuzlu ruhanilərinin, sovetlərin repressiya illərində cəzalandırılmış din xadimlərinin fəaliyyəti əks oluna, ölkəmizin dini həyatı, onun tarixi təqdim edilə bilər. Xarici ölkələrdə, şəxsi kolleksiyalarda saxlanılan müxtəlif dini atributlar, əşyalar Muzey üçün gərəkli vəsaitdir.
Fikrimizcə, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kitabxana belə bir muzeyin yaradılması üçün əsas ola bilər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə əsaslı təmir olunan “Təzəpir” məscidində müasir tələblərə cavab verən kitabxana təşkil edilib.
Bu kitabxanada qədim və qiymətli kitablarından ibarət bir “xəzinə” yerləşir. Təzəpir məscidində fəaliyyət göstərən kitabxana xarici ölkələrdən rəsmi səfərlərə gələn qonaqların da ziyarət etdiyi əsas məkanlardan biridir.
Kitabxana “Qurani Kərim”in qədim əlyazmaları, təfsir, hədis, elmi-dini, astronomiya, tarix, coğrafiya sahələrini əhatə edən kitablarla zəngindir. Mərkəzin qədim kitablardan ibarət zəngin irsi Azərbaycanın din tarixinin öyrənilməsi üçün samballı töhfədir.
Kitabxananı gəzdikcə, şkaflarda saxlanılan nadir əlyazma və kitabları vərəqlədikcə, saralmış səhifələrdən böyük bir tarix boylanır.
Burada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub. Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək olur. Kitablar xüsusi temperaturda saxlanılır. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.
Burada həmçinin “Qurani Kərim” və digər elm sahələrinə aid çoxlu əlyazmalar var. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Daşbasma üsulu ilə çap olunan kitabların yaşı 150-200 ildir.
Şeyxülislam Allahşükür Paşazadənin öz şəxsi əlaqələri hesabına əldə etdiyi, ona verilmiş hədiyyələr bu kitabxanaya verilib. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunmuş 10 min nüsxə kitab saxlanılır.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdə saxlanılan arxivi də Şeyxülislamlıq Muzeyi üçün zəngin baza sayıla bilər. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-ildən 1918-ci ilə qədərki böyük arxivi Gürcüstanın paytaxtı Tiflisdədir.
Azərbyacan Cumhuriyyəti dövründə – 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülsə də, özünün arxiv və kitabxanasını gətirməyə imkan tapmayıb. Sovet Rusiyası tərəfindən 1920-ci ildə Azərbaycan işğal edilib və QMİ-nin fəaliyyəti qadağan olunub. Çox sayda dini ədəbiyyat kütləvi şəkildə məhv edilib. Yalnız 1944-cü ildə SSRİ-nin siyasi səbəblər üzündən fəaliyyətinə icazə verdiyi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ilə qədər öz kitabxanasını yarada bilməyib. Şeyxülislam Allahşükür Paşazadə QMİ sədri seçildikdən sonra bu istiqamətdə işlər görülməyə başlayıb. İdarə bütün manelərə baxmayaraq, kitabxana işinin təşkili üçün səy göstərib.
SSRİ dövründə “Qurani-Kərim”i aşkar şəkildə saxlamaq qadağan olunsa da, rəhbərlik müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyət göstərərək, Qafqazda ayrı-ayrı şəxslərdə, ailələrdəki dini kitabları toplamağa başlayıb. Şeyxülislam A. Paşazadənin kitabların toplanmasında böyük əməyi olub.
Bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır. Artıq 15 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür. QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə – Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır. Sənədlərin gətrilməsi işi uğurla davam etdirilir.
Kitabxanaya gətirilən bir sıra kitablar köhnəlmiş vəziyyətdə olduğundan bərpa edilir. Xüsusi təcrübəsi olan əməkdaşlar ən qədim kitablara yeni həyat verirlər. Restavrasiya olunacaq kitablar kompüterlərə köçürülür, səhifələnir və daha sonra bərpa olunur. Bərpaçılar deyir ki, sovetlər dövründə insanlar dini kitabları, “Qurani Kərim”i təqibdən xilas etmək üçün həmin kitabları ya torpağa basdırıb, ya da müxtəlif yerlərdə gizlədərək saxlayıblar. Ona görə də bir çox kitablar pis vəziyyətə düşüb. Odur ki, bəzi kitabların bərpası 1 il, bəzilərinki 5-6 ay davam edir.
Qeyd edək ki, 1823-cü ildən bu günə kimi Qafqazda12 Şeyxülislam və 11 müfti olub.
Şeyxülislamlıq Muzeyi yaradılsa, Azərbaycanın din tarixi və dinin cəmiyyət həyatındakı rolu müfəssəl şəkildə təqdim etmək imkanı yaranacaq. Ölkəmizin vətəndaşlarına və xarici qonaqlara Azərbaycanın din sahəsindəki böyük şəxsiyyətlərinin, üləmalarının, maarifçilərinin həyatını, fəaliyyətini nümayişi etdirmək dövlət və din münasibətlərinin və əməkdaşlığının gözəl nümunəsi sayılacaq.