
Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı müharibədə ciddi sursat çatışmazlığı ilə üzləşib.
Modern.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The Washington Post” (WP) qəzetində dərc edilən məqalədə bildirilir.
Nəşr adı açıqlanmayan Ukrayna zabitinə istinadən yazır ki, hərbçilər Rusiya Silahlı Qüvvələri tərəfindən atılan, ancaq partlamayan hərbi sursatlarını toplamağa məcbur olub. Zabit deyir ki, Ukrayna ordusu gündə təxminən 7700 mərmi istifadə edir.
“Bizim çoxlu sursatımız yoxdur, ona görə də çox iş görmürük”, – o qeyd edir.
Bildirilir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının tərk etdiyi əraziləri gəzərək partlamamış hərbi sursatları axtarır. Tapılan sursatlar Ukraynanın şərqindəki gizli emalatxanalarda təkrar emal edilir.
Məlumata görə, Ukrayna ordusu əsasən Sovet dövründən qalma silahlar üçün mərmi çatışmazlığı yaşayır. Hazırda sovet tipli 152 mm və 122 mm-lik mərmiləri saxlayan ölkələr əsasən keçmiş sovet respublikalarıdır, Nəşr yazır ki, bu ölkələrin bir çoxu Rusiya ilə əlaqələri səbəbindən bu mərmiləri Ukraynaya satmaqda tərəddüd edir.
Qərb ölkələrinin verdiyi artilleriya üçün 155 mm çaplı mərmilər istifadə edilir, bu silahlar üçün hələlik çətinlik yaşanmır. Buna baxmayaraq, Qərb dövlətləri sursat istehsalını artırmağa çalışır.


