Dəyən ziyanı hesablamaq çətindir – Su basan kənddə son vəziyyət

Dəmirçilər kəndinə selin vurduğu ziyanı qiymətləndirmək çətindir.

 

Bunu Modern.az-a açıqlamasında Tərtərin Dəmirçilər kəndinin bələdiyyə sədri Asif Alışanov bildirib. 

 

Onun sözlərinə görə, güclü yağış nəticəsində kənddə 100-dən çox evin həyətini su basıb:

 

“Hazırda dəyən ziyanı qiymətləndirmək olduqca çətindir. Sel suları torpaq sahələrini basıb. 100-dən artıq evin həyətini su basıb. 3 evin zirzəmisinə qədər su dolub. 150-yə yaxın evin ətrafında fəsadlar müəyyən edilib. 200 hektara yaxın sahədə yonca, günəbaxan, arpa kimi məhsullara ziyan dəyib”.

 

A.Alışanov bildirib ki, təbii hadisə zamanı təlafat qeydə alınmayıb: “Ölən və xəsarət alan olmayıb. Amma təsərrüfatlara ciddi ziyan dəyib. Bütün xidmət orqanları texnikalarla birgə səfərbər olunub. Gecə saat 2-yə qədər operativ işlər görülüb. Hazırda vəziyyət stabilləşib”.  

 

Qeyd edək ki, ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələri, kənd yolları subasmaya məruz qalıb.

Mənbə

Share: