
Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədlikdən çəkildiyini elan edib.
Modern.az xəbər verir ki, o, ictimaiyyətə müraciətində qərarını açıqlayıb.
***
14:37
Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncenin vəkili Fidel Okan müvəkkilinin namizədlikdən çəkiləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Modern.az xəbər verir ki, vəkil “Sputnik Türkiye”yə bu barədə danışıb.
“Namizədlikdən çəkilmək gündəmimizdə yoxdur. Dünən axşam partiya sədrinin müavini ilə uzun-uzadı telefon danışıqlarımız oldu, İnce ilə danışa bilmədim, çünki səhhəti o qədər də yaxşı deyildi. Lakin əminliklə deyə bilərəm ki, bizim geri çəkilmək kimi fikrimiz yoxdur. Bu iddiaların haradan gəldiyini bilmirəm. Partiyamızın sözçüsü yayılan məlumatları tamamilə təkzib edib”, – deyə o söyləyib.
Qeyd edək ki, dünən İncenin yaxın günlərdə prezidentliyə namizədliyini geri götürəcəyi barədə məlumatlar yayılmışdı. Müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək “Millət İttifaqı”nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.
Bu gün İncenin partiyasının qərargahında yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 15:00-da) ictimaiyyətə müraciəti gözlənilir. Onun haqqındakı iddialar və namizədliyini geri çəkmək məsələsi haqqında danışacağı bildirilir.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın irəli sürdüyü namizəd Sinan Oğandır.