
“Ukrayna hərbi komandanlığının aradan götürülməsi barədə şayiələr Rusiya ordusunun döyüş ruhunu yüksəltmək və Ukrayna qoşunlarını ruhdan salmaq məqsədilə yayılır…”
“Zalujnı döyüş meydanında operativ vəziyyətin gərgin olması səbəbindən NATO Hərbi Komitəsinin iclasında iştirak etməyəcək…”
Rusiyanın bəzi KİV-ləri və təbliğat “Telegram-kanal”ları Ukraynanın ali hərbi rəhbərliyinin həlak olması barədə şayiələr yayır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyan edib.
“Rusiyanın informasiya məkanında bizim komandanların, guya, aradan götürülməsi barədə məlumat yayılır. Həftə ərzində üç belə məlumat üzə çıxıb. Hamı sağdır”, – o, “Telegram-kanal”ında yazıb.
Bu məlumatlardan birini “Rıbar” (“Balıqçı”) Z-kanalı yayıb. “Zalujnının biz bir aydan artıqdır ki, ictimaiyyət qarşısına çıxdığını görmürük, lakin cari gerçəklikdə bunun az əhəmiyyəti var.
Öz tərəfimizdən mayın 7 və 8-də Ukrayna Silahlı Qüvvələri komandanlarından birinin olduğu qərargahın məhv edildiyini təsdiq edə bilərik.
Ukrayna hərbi rəhbərləri Pavloqradın ətrafında olub və Rusiyanın Hərbi-Kosmik Qüvvələri onları hədəfə alıb”, – kanal müəllifləri yazıb və qeyd edib ki, USQ Baş komandanının aradan götürülməsi barədə xəbərə o qədər də inanmırlar.
Eyni zamansa “Tsarqrad” nəşri “Rıbar”a, həmçinin üzdəniraq “DXR” informasiya nazirinin müavini Daniil Bezsonova istinadən yazır ki, “Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin Pavloqrada güclü zərbəsi nəticəsində USQ stavkası Ukraynanın yüksək vəzifəli hərbçiləri ilə birlikdə məhv edilib”.
“USQ Quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski zərbənin qurbanı ola bilərdi”, – qəzet yazır.
Bu zaman rusiyalı təbliğatçılarının fikrincə, Zalujnının bu gün NATO Hərbi Komitəsinin iclasında iştirak etməyəcəyi barədə informasiya Ukrayna hərbi rəhbərliyinin ölüm faktını təsdiq edir. Bunu Komitənin rəhbəri admiral Rob Bauer deyib.
“Mən dünən Ukrayna komandanının döyüş meydanında operativ vəziyyətin gərgin olması səbəbindən hətta videokonfrans formatında da iclasda iştirak edə bilməyəcəyi barədə məktub almışam”, – Bauer deyib.
Malyar hesab edir ki, Zalujnı və Sırskinin ölümü barədə informasiya istisnasız olaraq Rusiya ordusunun döyüş ruhunu yüksəltmək və Ukrayna qoşunlarını ruhdan salmaq məqsədilə yayılır.
“Bu, bizim komandanlığın hansı şəraitdə döyüşdüyünü anlamaq üçün yalnız azacıq açıq epizoddur”, – Ukrayna müdafiə nazirinin müavini qeyd edib.
Mayın əvvəlində Ukrayna həmçinin ərazi müdafiə qüvvələrinin komandanı İqor Tansüranın həlak olmasını təkzib edib.
“Vaqner qrupu” özəl hərbi şirkətinin qüvvələri tərəfindən Ukraya hərbçisinin olduğu güman edilən zirehli avtomobilin məhv edilməsi barədə şirkətin təsisçisi Yevgeni Priqojin məlumat verib.