Hazırda Bakının metro parkında yeni gətirilənlərlə birgə 315 vaqon var.
Bu sözləri Milletinsesi.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakı metro parkının yenilənməsi barədə danışarkən deyib.
B.Məmmədov bildirib ki, bu il ərzində ölkəyə maksimum sayda yeni qatar gətirilib. İlin sonuna qədər Bakı Metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq:
“Bu il 30 vaqon, qatar sayı ilə desək, 6 qatar alınmalı idi. Onlardan 20 vaqon və ya 4 qatar artıq xətdədir. Son iki qatar da keçən həftə gətirilib. Sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq. Buna qədər 2015 və 2018-ci illərdə 5 qatar alınmışdı. Yeni gələnlərlə birlikdə müasir qatarların sayı 11-ə çatacaq”.
B.Məmmədov bildirib ki, alınan vaqonlar 31 illik istismar müddətini baş vuranların yerinə buraxılır:
“Köhnə qatarlar müvafiq qanunvericilik və normativlər əsasında silinir. Ölkəyə gətirilən və xəttə buraxılan 81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq, texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Bu vaqonların da istismar müddəti 30 ildir”.
B.Məmmədov bildirib ki, hazırda metro parkında istismar müddətini başa vurmuş qatar yoxdur, xətdəki qatarlar yeni gətirilənlər və saz vəziyyətdə olanlardır:
“Qatarlar istismar müddətini başa vurduqca yeniləri sifariş olunur. Bu il sifariş əsasında gətirilən qatarlarla metro parkı daha mükəmməl vəziyyətə salınıb. Hazırda metro parkı saz vəziyyətdədir”.
Metropoliten sözçüsü bildirib ki, yeni qatarlar Bakı Metropoliteni üçün Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan Metrovaqonmaş ASC tərəfindən istehsal edilib.