Abram Paleyin Bakı görüşlərindən sonra Tehrana təzyiqlər başlana bilər

“ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Paleyin Azərbaycana səfəri və keçirdiyi görüşlər şübhəsiz ki, maraq doğurur. Lakin görüşün detalları ilə bağlı hətta ehtimallar üzərindən fikir yürütmək çox çətindir”.

 

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

 

mirze.jpg (272 KB)

 

“Məlum olduğu kimi, Azərbaycanın Tehrandakı səfirliyi hələ fəaliyyətini bərpa etməyib və İRNA agentliyinin bir neçə gün öncə İran Xarici İşlər Nazirliyindəki hansısa etibarlı mənbələrə istinadən Azərbaycanın İİR-dəki səfirliyinin fəaliyyətini tezliklə bərpa edəcəyi barədə xəbərinin etibarlılığı da şübhə doğurur. Yəni Azərbaycanın İrandakı səfiri Əli Əlizadə de-fakto səfir missiyasını yerinə yetirmir. Azərbaycanın İrandakı diplomatik missiyasının fəaliyyətini yaxın zamanlarda bərpa edəcəyi ilə bağlı hələlik rəsmi heç bir açıqlama yoxdur. Ola bilsin ki, missiyanın heyəti yenidən formalaşdırılsın. Digər tərəfdən, Abram Paleyin ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşünü Vaşinqtonun İran üzrə elçisinin Azərbaycan rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşlərindən fərqləndirmək lazımdır.

 

ABŞ-nin İran üzrə xüsusi elçisinin öz ölkəsinin səfiri ilə görüşü ənənəvi protokol qaydasıdır və bu görüşdə qeyri-adi heç nə yoxdur. Abram Paleyin İsrail səfiri ilə görüşündə də qeyri-adi heç nə görmürəm. Bu görüşün daha çox mesaj xarakteri daşıdığını düşünürəm. Aydındır ki, ABŞ ilə İsrail arasındakı hansısa məsələnin müzakirəsi üçün Azərbaycana səfər etməyə ehtiyac yoxdur. Bu mesaj isə çox güman ki, İranın Suriyadakı səfirliyinin Dəməşqdəki konsulluq şöbəsinə İsrailin ordusu tərəfindən zərbə endirilməsi nəticəsində 6 nəfərin ölümü ilə bağlı ola bilər. Bu hadisə ilə bağlı İsrailin xüsusilə də İranla həmsərhəd ölkələrdəki diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndirilib”, – politoloq bildirib. 

 

Azərbaycan rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşə gəldikdə isə, politoloq ehtimal edir ki, bu görüş əsasən ABŞ-nin sanksiyaları altına düşən “Bank Melli İran”la bağlıdır:

 

“Məlum olduğu kimi, sözügedən bankın filialı ölkəmizdə də fəaliyyət göstərir. Bu, şübhəsiz ki, ehtimaldır. Abram Paleyin sanksiyalarla bağlı fikirləri belə düşünməyə əsas verir. Bununla yanaşı, biz bölgədə bank və maliyyə sistemləri ilə bağlı bir sıra proseslərin cərəyan etdiyini də müşahidə edirik.

 

Məlum olduğu kimi, Ermənistanın əksər bankları martın 30-dan etibarən Rusiyanın “Mir” ödəmə sisteminin kartlarıyla işləməkdən imtina edib. Amma məlum olduğu kimi, Ermənistanda İranın “Mellat” bankının filialı 1996-cı ildən fəaliyyət göstərir və sözügedən bank həm Ermənistan, həm də Rusiya banklarıyla İranın “Şetab” ödəniş sitemi vasitəsilə sıx əməkdaşlıq edir. İranla Ruisyanın gündəliyində “Mir” və “Şetab” sistemlərinin sıx əməkdaşlığı məsələsi də var. İranın Rusiyadakı səfiri Kazem Cəlalinin bir neçə gün öncə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüşü də bu ehtimalın doğruluğuna olan inamı artırır.

 

Düşünürəm ki, hazırda İranın və Ermənsitanın Rusiyanın sanksiyalardan yayınmasına və hərbi təyinatlı məhsullarla təminatına verdikləri dəstək fonunda Tehran və İrəvana qarşı bank və maliyyə sistemləri üzərindən müəyyən təzyiqlərin həyata keçirilməsi mümkündür”.

 

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda keçirilən görüşlərdə İranın bölgədə oynadığı destruktiv rol və rejimin saxta ideoloji dəyərlər üzərindən regionun sekulyar inkişaf yolunu seçən müsəlman ölkələrinə qarşı yürütdüyü aqressiv siyasət də müzakirə mövzusu ola bilər.

 

Mənbə

Share: