ABŞ-da borclu tələbələrin hərəsinin 10 min dollar borcu silinəcək

ABŞ Konqresinə aralıq seçkilərə cəmi bir neçə həftə qalır. Belə bir vaxtda Prezident Co Bayden elan edib ki, onun administrasiyası federal tələbə borcları olan milyonlarla amerikalının hər biri üçün bu borcun 10 min dollara qədər məbləğini və gəlirləri aşağı olan borcluların hər birinin borcunun daha 10 min dollarını siləcək. Bu halda aylıq ödənişlərdə fasilə müddəti uzadılacaq.

 

Baydenin planına görə illik gəliri 125 min dollardan az olan hər vətəndaş və ya illik qazancı 250 min dollardan az olan ər-arvad 10 min dollara qədər kreditin bağışlanması hüququ əldə edəcək. Maliyyə ehtiyacları daha çox olan tələbələrə verilən Pell qrantlarını alanlar daha 10 min dollar yardım almaq hüququ qazanacaqlar. Hazırda ali məktəblərdə oxuyan tələbələr də borcun silinməsi hüququ əldə edəcəklər. Təhsil Nazirliyi bildirib ki, 8 milyona yaxın borcalanın borcları avtomatik silinəcək, qalan borcalanlar yardım üçün müraciət etməli olacaqlar.

 

Bu qərarı tənqid edənlər bildirirlər ki, borcların silinməsinin heç vaxt kollecdə oxumamış və rekord dərəcədə yüksək inflyasiya şəraitində maliyyə çətinlikləri çəkən aşağı gəlirli sakinlərə heç bir xeyri olmayacaq. Tələbə kreditləri üzrə bəzi borcların silinməsi də universitetlərdə təhsil haqqının artması problemini həll etməyəcək. /Azərtac/

 

Mənbə

Share: