ABŞ, İsrail və Britaniya İrana qarşı müharibə “məşqi” edir

Britaniya hökumətinin İran neft tankerini həbs etməsi Tehran-London münasibətlərini yenidən gərginləşdirib.

İsrail İslam Respublikasına qarşı hərbi əməliyyatlara hazırlaşır. Yəhudi dövlətinin mətbuatı ABŞ, İsrail və Böyük Britaniya HHQ-ə məxsus çoxfunksiyalı beşinci nəsil qırıcı-bombardmançıların Suriya və İran üzərində birgə uçuşundan xəbər verir.

Bu barədə “Strate” Rusiyanın “Nezavisimaya gazeta” nəşrində dərc olunmuş məqaləsinə istinadən məlumat verir. Yazıda qeyd olunur ki, təyyarələr döyüş mühiti şəraitində qarşılıqlı fəaliyyət hazırlayır. Pentaqon əvvəllər 12 ədəd “F-22”-i Qətərdəki əl-Udəyd hərbi bazasına göndərib.

İsrailin diplomatik idarəsinin başçısı Kats Qretsliyada milli təhlükəsizlik, regional və beynəlxalq problemlər üzrə Konfransda İranın Fars körfəzi ölkələrinə və İsrailə qarşı savaşa başlaya biləcəyi və qabaqlayıcı hərəkətlərə hazır olmağın gərəkdiyi haqda bəyanat verib.

“Biz buna hazır olmalıyıq və İsrail Dövləti buna görə də eskalasiya (hərbi münaqişə – NG.) zamanı qaçılmaz ssenarilərə reaksiya verməli olacağı hal üçün öz hərbi gücünü artırır”. Kats SAXAL radiosunun efirində çıxış edərək söz verib ki, yəhudi dövləti “hətta təkbaşına hərəkət etməli olarsa da, İrana nüvə silahın yaratmaq imkanı verməyəcək”. “Mossad”ın (İsrailin xarici kəşfiyyatı) direktoru İosif Koen bir gün qabaq həmin konfransda bütünlükdə bölgə üçün İran təhlükəsindən danışıb.

İsrailin “Haaretz” qəzeti isə hərbi qaynaqlara istinadən İsrail, Amerika və Britaniya HHQ F-35 bölmələrinin Suriya və İraq əraziləri üzərində son zamanlar həyata keçirilən birgə uçuşları haqda bildirir. Bəllidir ki, ABŞ-ın beşinci nəsil F-35 bombardmançılarını satdığı bütün ölkələr avtomatik şəkildə onlardan isitfadənin Birləşmiş Döyüş Proqramına qoşulur. Bu növ bütün təyyarələrin elektron kompleksləri vahid idarə sisteminə inteqrasiya olunmaq imkanını nəzərdə tutur.

Britaniya Kral HHQ-nin altı F-35B qırıcısı mayda Kiprə “Akrotiri” bazasına gəlib. Onlar “İldırımsürətli şəfəq” əməliyyatı çərçivəsində hərəkət edirlər. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin inandırmalarına görə, Britaniya F-35-ləri artıq ümumi uçuşu 225 saat olan 95 uçuş edib. İsrailin beşinci nəsil qırıcı-bombardmançıları öz aerodromlarından hərəkət edir, Amerikanınkılar isə BƏƏ-də ABŞ HHQ-nin bazasında mənzillənib. Amerika mətbuatı ötən həftə 12 ədəd F-22 “görünməz” qırıcının Qətərdəki əl-Udəyd bazasına göndərildiyi haqda məlumat verib.

Qeyd edək ki, son zamanlar İran və ABŞ arasında hərbi qarşıdurma riskinin azalması ilə bağlı xəbərlərin fonunda bu məlumatların yayılması iki məqama işarədir. İlk növbədə, görünən odur ki, İsrail İran əleyhinə savaş ehtimalını hər zaman yüksək tutur. Həm daxili ictimai rəyi, həm də beynəlxalq aləmdə İranla savaş riskinin güclü olduğunu nümayiş etdirir.

Digər tərəfdən, görünür ki, müttəfiqlər İrana hücuma hazırlaşır. Yəni ən azından belə bir variant üçün mümkün məşqləri edirlər. Məsələ ondadır ki, ötən həftə İran parlamentinin üzvü, din xadimi Müctəba Zünnur bildirib ki, əgər ABŞ İrana hücum edərsə, o zaman İsrail yarım saat ərzində xəritədən silinəcək. Belə görünür ki, ABŞ-ın İrana qarşı müharibə planında İsrail də yer alır və bu səbəbdən İran ordusu əsas hədəflərdən biri kimi İsraili müəyyən edib. Məsələ ondadır ki, əgər İran ahücum baş verərsə, Tehranın cavab zərbələri endirdiyi nöqtələr sırasında ilk yerlərdə İsrail var. Çünki İsrail həm İranın dəstəklədiyi güclərin. yəni Fələstində Həmas və İslami Cihad, Livanda Hizbullah və Suriyada İrana bağlı güclərin təsir dairəsindədir. Amerikalı ekspertlər də düşünür ki. İrana hücum olarsa Tehran müharibəni bütün regiona yaya bilər. Bu zaman ilk hədəf sırasında İsrail var. Görünür, bu səbəbdən də İsrail indi İrana qarşı hücum ssenarilərinə hazırlıq görür.

Bu arada iyulun 4-də İran neft tankerinin Cəbəllütariqdə həbs olunmasına etiraz olaraq Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq xəbərdarlıq edilib. Qeyd edək ki, ABŞ hökumətinin tələbi ilə iyulun 4-də Cəbəllütariqin hakimiyyət orqanları Suriyaya neft daşımaqda şübhəli bilinən bir neft tankerinin saxlandığını bildirmişdi.

Britaniyanın kənar ərazilərə nəzarət edən qurumu bildirib ki, Britaniya kral dəniz piyadaları iyulun 4-də Grace 1 adlı supertankeri saxlayıblar. Panamanın bayrağı altında üzən The Grace 1 tankeri bir dəfəyə 300 min ton xam neft daşıya bilir. Ötən gün Tehran rəsmiləri bəyan edib ki, tanker buraxılmayacağı təqdirdə Fars körfəzində Britaniya neft tankerlərinə əl qoyulacaq. O da məlum olub ki, hazırda tankerin heyəti sorğu-sual olunur. Ancaq əgər Britaniya hökuməti tankerin Suriyaya getdiyini əsas gətirərək həbs etsə, o zaman İranla Britaniya arasında münasibətlər yenidən pisləşə bilər. (Musavat.com)

Share: