ADU-da 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.  Tədbirdə universitetin şəhid məzunlarının ailə üzvləri, universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak edib.

 

Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhid olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

 

Universitetin rektoru, akademik Kamal Abdulla 27 sentyabr – Anım Gününün mahiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı tarixi qələbədən danışıb:

 

“Biz bu gün şəhidlərimizin əziz xatirəsinin işığına yığışmışıq. Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Şəhidlərin qanı yerdə qalmayıb, biz onların qisasını döyüş meydanında düşməndən almışıq. Tarixi qələbəyə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan Prezident İlham Əliyevə borcluyuq.”

 

Rektor universitetin şəhid məzunlarının qəhrəmanlığından qürur və fəxarətlə söz açıb, məzun şəhidlərimizin ailələrinə başsağlığı diləyib. Universitetin iki məzun şəhidi –  Əzim Həsənov və Elvin Bayramovun diplomlarını valideynlərinə təqdim edib:

 

“44 günlük Vətən müharibəsində tarix yazan gənclər arasında bizim universitetin üç tələbəsi var. Onlar bizim fəxrimizdir. Onların ailə üzvlərinə, doğmalarına başsağlığı verir, Allahdan səbr diləyirəm. Bu gün ürək ağrısı ilə məzun şəhidlərimizin diplomlarını valideynlərinə təqdim edirəm”.

 

Şəhid Əzim Həsənovun atası Fikrət Həsənov və Elvin Bayramovun atası İslam Bayramov universitet rəhbərliyinə  şəhid məzunların xatirəsini daima əziz tutduğu və övladlarının adını daşıyan auditoriyalarda onların xatirəsini əbədiləşdirdiyi üçün minnətdarlıqlarını bildiriblər. 

Mərasimdə ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasovanın “Amalı Vətən – ünvanı əbədiyyət”, Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Hüseynzadənin “44 günlük Vətən müharibəsi”  adlı çıxışları dinlənilib.

 

Tədbir “Vətəndən pay olmaz!” adlı ədəbi-bədii kompazisiya ilə davam edib.

 

Mənbə

Share: