Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən Modern.az-a verilən xəbərə görə, Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, tərəflər arasında davam edən uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb.
Səməd Seyidov enerji sahəsində qurulan əməkdaşlıqdan bəhs edərək Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıqla bağlı imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətindən danışıb. Regiondakı mövcud vəziyyət barədə danışan komitə sədri bildirib ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq və sülh müqaviləsi imzalamaq üçün əməli addımlar atır.
Cənubi Qafqazda sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqı və onun təsisatlarının rolundan danışan Səməd Seyidov bu istiqamətdə Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri barədə həmsöhbətlərinə məlumat verib.
Görüşdə Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev parlament diplomatiyasının, Aİ münasibətlərin inkişafının önəmindən söz açıb.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, islahatlar sahəsində tərəfdaşlıqdan danışıb.
Sonra Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) rəhbəri Ciara O’Brien ölkəmizin iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir ölkə olduğunu vurğulayıb. Aİ və Azərbaycan arasında əlaqələrin perspektivləri böyük olduğunu diqqətə çatdıran avropalı qonaq regionda sülhün və sabitliyin təmin olunacağına əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əziz Ələkbərov, Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.