“Aİİ, KTMT, MDB və ŞƏT kimi inteqrasiya birliklərinin çoxşaxəli əlaqələrinin dərinləşdirilməsi vəzifəsi bu gün gündəmə gətirilib”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Avrasiya ölkələrinin gənc diplomatlarının “Yeni çoxqütblü dünyanın diplomatiyası” forumunun iştirakçılarına video təbrikində bildirib.
Lavrov qeyd edib ki, Aİİ, KTMT, MDB və ŞƏT çərçivəsində əməkdaşlıq müasir diplomatiyanın yaxşı nümunələridir: “Burada yaradıcı, gələcəyə hesablanmış, dövlətlərarası gündəm irəliləyir. Rusiya bu strukturların işində fəal iştirak edir. İndi onlar Böyük Avrasiya məkanında fəaliyyət göstərən müxtəlif inteqrasiya strukturları arasında çoxşaxəli əlaqələrin dərinləşdirilməsi vəzifəsini irəli sürüblər”.
Nazir iddia edib ki, indi kollektiv Qərbin bölünməz hökmranlığının sonunu müşahidə etmək olar: “Eyni zamanda, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni inkişaf mərkəzləri eyni vaxtda güclənir və geniş vüsət alır. Beləliklə, daha ədalətli, balanslaşdırılmış, çoxmərkəzli dünya nizamının formalaşması beynəlxalq kommunikasiyanın bütün iştirakçılarının hesablaşmalı olduğu geosiyasi reallıqdır”.
O, yaranan çoxqütblülüyün əsas oyunçuların hərbi-siyasi və iqtisadi qarşıdurmasına deyil, razılaşdırılmış maraqlar balansına əsaslanmasının vacibliyini vurğulayıb.
“Bu baxımdan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına – ilk növbədə, BMT Nizamnaməsinin prinsiplərinə, dünyanın mədəni və sivilizasiya müxtəlifliyinə hörmətə, beynəlxalq hüquqa əsaslanan klassik diplomatiyanın rolunu yüksək qiymətləndirmək önəmlidir”, – Lavrov bildirib.