Bu rejimin çökəcəyi qaçılmazdır

İrandakı ixtişaşlar hansı qüvvələrin marağındadı? Hakimiyyət dəyişikliyi baş verə bilərmi?

Bu suallar ətrafında millət vəkili Cavanşir Feyziyev Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Son 10 ildə ara-sıra  İranda baş qaldıran etiraz nümayişlərini müqayisə edəndə bu dəfəki nümayişlərin daha miqyaslı və daha cəsarətli olduğu görünür. Amma bu etirazların da rejimə son qoya biləcəyi real görünmür. İran hakimiyyəti xırda güzəştlərə getmək müqabilində vəziyyəti nəzarətdə saxlaya biləcək. Mehsa Əmininin həbsxanada ölümü səbəbilə başlayan etirazlar hazırda İranın bir çox şəhərlərində davam etməkdədir. Bu etirazlar dalğası dünyanın müxtəlif bölgələrində yaşayan mühacirat müxalifəti tərəfindən də diqqətlə izlənilir və dəstəklənir.  Bu qüvvələrin hər biri mövcud rejimin aradan qaldırılmasını arzulayır. Lakin onların İran daxilində baş verən hadisələrə hiss olunacaq dərəcədə təsir etmək imkanları demək olar ki yoxdur. Çünki ayrı-ayrı ölkələrdə müxtəlif qruplar şəklində fəaliyyət göstərən müxalif qüvvələr arasında ciddi antoqonizm mövcuddur. İranın gələcəyi ilə bağlı  onların fikirləri və məramları da çox fərqlidir. 2000- ci illərin başlanğıcından bu günədək ölkənin daxili siyasi həyatında müşahidə olunan bir sıra kiçik irəliləyişlər də məhz İranda yaşayan və hakimiyyətin bütün basqılarına dözən sadə vətəndaşların fədakarlığı nəticəsində əldə olunub. Mümkün dəyişikliklərin yeganə hərəkətverici qüvvəsi  hələ də rejimin bütün təzyiqlərinə baxmayaraq ölkədə yaşayan və hətta ölüm cəzasından belə çəkinməyən sadə vətəndaşlardır. Onların nə dərəcədə təşkil oluna bilməsi və bu dəfə hadisələri hara qədər apara biləcəyi o qədər də aydın deyil, amma hər halda köklü dəyişikliklərə gətirib çıxaracağı da real görünmür.

Amma İran xalqının teo-kleptokratik rejimlə mübarizədə tək qaldığını iddia etmək də düzgün olmazdı. Mütərəqqi cəmiyyətlərin hamısında İranın apardığı daxili və xarici siyasətə qarşı ciddi dirəniş var. Xüsusilə ABŞ tərəfindən İrana qarşı tətbiq edilmiş sanksiyalar beynəlxalq arenada olduğu kimi, ölkə daxilində də rejimə öz mövqeyini möhkəmləndirməyə imkan vermir. İrandan gələn təhdidlərin qarşılığında İsrailin də beynəlxalq səviyyədə İran hakimiyyətinə qarşı apardığı daimi təzyiq siyasəti İran hakimiyyətini fasiləsiz gərginlik rejimində saxlayır. Buradan çıxan nəticə odur ki, mövcud rejimin çökəcəyinin qaçılmaz olduğu labüddür. Amma  bunun nə zaman baş verəcəyi yenə də daha çox daxildəki müxalifət qüvvələrinin təşkilatlanmaq və həlledici qüvvəyə çevrilmək bacarığından asılı olacaq. Bu gün İran cəmiyyətində belə bir qətiyyətin olduğuna inanmıram. Amma bu gün baş verənlərin  gec-tez belə bir vəziyyəti yetişdirəcəyinə əminəm.”

Share: