FHN SOCAR-ın “Abşeronneft” NQÇİ-də mülki müdafiə məşqi keçirib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Bakı şəhərinin Pirallahı rayonunda yerləşən Dövlət Neft Şirkətinin “Abşeronneft” Neft-qazçıxarma idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Bu barədə Millətin Səsi.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Abşeronneft” NQÇİ-nin rəisi vəzifəsini icra edən Baləli Cəfərov, rayon hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Məşqə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələri, obyektin rəhbər heyəti və Mülki müdafiə dəstələrinin şəxsi heyəti, habelə Milli Aviasiya Akademiyasının tələbələri cəlb edilib.

Mülki müdafiə məşqinin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məşq zamanı şəxsi heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Həmçinin, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “qəza yerində” kəşfiyyatın həyata keçirilməsi, “xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi”, habelə baş vermiş “yanğının söndürülməsi” zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət təşkil edilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Share: