Ankarada fəaliyyət göstərən Türk Dünyası Kültür Mərkəzində “Azafl Sosyal Yardım Ve Kültür Derneği” nin təşkilatçılığı ilə 29 Oktyabr Türkiyə Cümhuriyyəti Günü və 8 noyabr Zəfər günü münasibəti ilə bayram mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib,
Milletinsesi.az xəbər verir ki, mərasimdə “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflının, “Səda” musiqi kursunun rəhbəri Aytən Rəhimovanın cıxışlarında Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqlarının qalib dövlətlər arasında bölünməsi, Qərbin heç gözləmədiyi bir halda Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdənin Qurtuluş Savaşına başlaması, işğalçı güclərin indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur edilməsi, İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalanması, nəhayət, Osmanlı İmperatorluğunun tarix səhnəsindən silinərək yerində yeni dövlət – Türkiyə adlı respublika yaranmasından söhbət açılıb, Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanları, başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla hörmət və rəhmətlə xatırlanıb.
Mərasimdə çıxış edən natiqlər Azərbaycanın işğal altında olan torpaqlarını düşmən tapdağından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ – Vətən Müharibəsinin 8 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatmasını, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qalibiyyəti Türk dünyasının Zəfəri kimi dəyərləndirərək, Azərbaycanın və Türkiyənin bir birinə mənəvi dəstək verərək zəfərə addım – addım irəlilədiyini qeyd ediblər.
Çıxışlarda 44 günlük müharibədə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olması, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etməsi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlıqları xüsusu olaraq vurğulanıb, şəhid və qazilərimizə böyük ehtiram bəslənilib.
29 Oktyabr Türkiyə Cümhuriyyəti Günü və 8 noyabr Zəfər günü münasibəti ilə keçirilən mərasimin bədii hissəsindəki Qarabağla bağlı mahnılar, bədii qiraət nümunələri, “Xəzər” rəqs qrupunun çıxışları tədbir iştirakşılarına əsl bayram ovqatı yaşadıb.
Hikmət Xudiyev
Əməkdar jurnalist