“Atam onların tənqidinə belə susdu, cavab vermədi, bunlar keçmişdə qaldı, haqq öz yerini tapdı”-FOTO

“Bizə görə illər, rəqəmlər dəyişir. Bu bizim üçün yaxşıdır ki, xatirələrimizi bölə bilirik, xatirələri o illərə yerləşdirib, sığışdıra bilirik. Ümumilikdə mənə görə bu bir ömürdür. Hər sabahımızın, hər günümüzün xoş keçməsini arzulayırıq. Amma həyat bizim üçün elə bir ssenari hazırlayıb ki, ondan xəbərimiz yoxdur. Ora həm xoş, həm də nisgilli anlar daxil olur. 2021 ci il xatirimdə ağrılı-acılı bir il kimi qaldı. Amma 2023-cü il mənim üçün çox xoş xatirələrlə yaddaşımda qalıb. Çünki nəvəm dünyaya göz açdı. 2024-cü ildən gözləntilərim çox böyükdür”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib.

 

 

“Bu gün hansısa aparıcı müğənni olur və yaxud kimsə çörək pulu tapa bilmir gedib müğənni olur. Oturub düşünürlər ki, nəçi olum?! Onlar da gedib müğənni olur. Müğənnilik bu dəqiqə ən əlçatan sənətdir. Bu düzgün bir iş deyil. Müğənni başqadır, ustad başqa, sənətkar da başqa. 100 dənə mahnını oxuyub öyrənmək sənətkar olmaq demək deyil. Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq. Baxmayaraq ki, Alim müəllimin nəvələrinin səsi var, amma seçimi özlərinə buraxmışıq. Qadağa qoymamışıq ki, oxuma. Oğlum quran avazlıdır, iki mahnısı var, el şənliklərində, dərviş toylarında ifa edir. Amma bu hələ yüksək göstərici deyil. Hələ ki, o bu sənətdə olub-olmayacağını düşünür” deyə müğənni bildirib.

 

Xanəndə vaxtilə atası, xalq artisti Alim Qasımovun ünvanına tənqidlər səsləndirənlərdən də danışıb.

 

“Alim müəllimin özündən böyük sənətkarlar onun sənətinə layiqincə qiymət vermədikləri halda belə o yenə də susdu. Bu da ailə tərbiyəsindən irəli gəlir. Hər şeyi zaman öz yerinə qoyur. Bunlar artıq keçmişdə qaldı, haqq öz yerini tapdı. Alim müəllim bu gün muğamı ilə dünyada qələbə çalıb. Artıq hamı Alim müəllimi qəbul edib. Onu artıq müzakirə belə etməyə heç kimə əsas vermir. Onun sənəti hər bir zövqə biçilib. Kimsə artıq onu bəyənmirsə burada düşmənçilik, şəxsi qərəzlilik mövqeyi ola bilər. Amma birmənalı şəkildə xalq onu sevir. Bizim xalq gözəl xüsusiyyətləri ilə hər zaman seçilib. Bir mənfi xüsusiyyətimiz bir-birimizi tərifləməkdən, sevməkdən qorxmaqdır. Alim Qasımovu tərifləməmək, yaxşı söz deməmək özü-özünü pis vəziyyətdə qoymaq deməkdir. Mən bu sözləri atam olaraq yox, sənətkar olaraq deyirəm” deyə xanəndə bildirib.

 

 

Fərqanə Qasımova bildirib ki, bu günlərdə atası ilə birlikdə xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

 

“Zeynəb Xanlarovanı həddindən artıq çox sevirəm. Onun bütün repertuarını izləyirəm. Bu günlərdə onunla görüşdük.  Bu yaşda sənətkarın hələ də sənətlə məşğul olmasını, ürəyinin sənətlə döyünməsini çox böyük təəccüblə qarşıladım. Mən hər zaman düşünürdüm ki, insan bir müddətdən sonra yorulur, həvəsdən düşür. Amma Zeynəb xanımı görəndən sonra hiss etdim ki, bu sənətə qarşı qeyri-adi eşqdir” deyə xalq artisti bildirib.

Mənbə

Share: