Avropa Komissiyası Gürcüstanla bağlı XÜSUSİ HESABAT hazırladı

Avropa İttifaqı (Aİ) Gürcüstanla imzalanmış assosiasiya sazişinin yerinə yetirilməsi ilə bağlı növbəti hesabatını yayımlayıb.

Milletinsesi.az xəbər verir ki, hesabatda Gürcüstan tərəfindən son 1 il ərzində həyata keçirilən islahatlar və mövcud vəziyyətlə bağlı problemlər öz əksini tapıb.

Qeyd edilir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb:

“Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini nəzərə alaraq Aİ ilə münasibətlərin yeni mərhələsinə qədəm qoyması ilə əlaqədar olaraq o, vətəndaşların bəyan edilmiş məqsəd və istəklərinə uyğun məsuliyyətli və ardıcıl yanaşma nümayiş etdirməlidir”, – deyə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel hesabatda qeyd edib.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli qeyd edib ki, Aİ Gürcüstana namizəd statusu verməyə hazır olduğunu elan etdikdən sonra “top meydanın Gürcüstana aid olan hissəsindədir”. “Demokratiya, məhkəmə islahatları, qanunun aliliyinin gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə ciddi sadiqlik başlıca əhəmiyyət əsas olacaq”.

Məlumatda bildirilir ki, ötən 1 il ərzində məhkəmə sahəsində müvafiq islahatların aparılması istiqamətində ləngimələr qeydə alınıb və mənfi tendensiya mövcuddur.

Bundan əlavə, qeyd edilir ki, Gürcüstanda rəqabətli media mühiti mövcuddur, ancaq mediada hələ də qütbləşmə özünü göstərməkdədir. Qeyd olunub ki, Gürcüstan 2022-ci il dünya mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 89-cu yerdə qərarlaşır.

Mənbə

Share: