“Ayaqlarım donmuşdu, atam ayaqqabını bıçaqla kəsib…”

Bu gün Ağdaban faciəsindən 31 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 5 qat dünya çempionu Ellər Orucov da faciəni öz gözləri ilə gördüyünü bildirib.

 

 

Moderator.az-a açıqlama verən idmançı o illəri bu gün də ürək ağrısı ilə xatırladığını deyib.

 

“Ağdaban faciəsindən 31 il keçir. Bu faciəni öz gözlərimlə görmüşəm. 6 yaşın içində idim. Çətin günlər idi. Qurban olum Allaha. Səhər saat 6-7 radələrində insanların bəzilərinin xəbəri var idi ki, Ağdabanı ermənilər mühasirəyə alıb. Qışqırırdılar ki, “çıxmağa, qaçmağa yeriniz yoxdur, təslim olun”. Evin divarına söykənmişdik. Tərpənə bilmirdik. Hərəkət edən kimi bizi görüb güllə atırdılar. Güllə yağış kimi yağırdı. Uşaq idim, ağlım kəsmirdi. İstədim ki, yerə tökülən patronları yığım. Əmim bu an qolumdan tutub məni kənara, arxaya çəkdi. Çox ağrılı, faciəli günlər idi. 1 saata yaxın o cür vəziyyətdə qaldıq, mühasirədən çıxa bilmirdik” deyə bildirib.

 

Ellər Orucov bildirib ki, çətinliklə də olsa mühasirədən çıxa biliblər.

 

“Əmim hərbidə işləyirdi. Atam isə postda keşik çəkirdi. Əmim silahı götürüb qarşı tərəfə qaçdı. Ziq-zaqları elə qaçırdı ki, nə qədər güllə atsalar da ona dəymirdi. Qonşunun evinin yanından keçib erməniləri güllələdilər. Əslində belə etməklə ermənilərin başını qatırdılar ki, kənd camaatı mühasirədən çıxa bilsin. Çıxış üçün bir yol var idi. O yol da qarlı, dərəli, meşəli yoldan keçirdi. Qaça bilənlər qaçıb getdi, qaça bilməyənləri isə oradaca güllələdilər. Ayaqqabım ayağımdan çıxmırdı, şişmişdi. Atamla anam ayaqqabımı bıçaqla kəsib, çətinliklə də olsa çıxardılar. Ağdaban sakinləri böyük qəhrəmanlıq göstərirdilər. Onların hesabına kimlərsə sağ-salamat çıxdılar. Babam kənddən çıxarkən onu Aşıq Şəmşirin abidəsinin yanında snayperlə vurdular. Babam və dayım 1-ci Qarabağ müharibəsində şəhidliyə ucaldı. Babam o qədər məşhur döyüşçü idi ki, ermənilər onun başına pul qoymuşdular” deyə dünya çempionu bildirib.

 

 

Ellər Orucov doğma Ağdaban kəndini işğaldan sonra hələ görmədiyini bildirib.

“Şükürlər olsun artıq 3 ildir ki, Kəlbəcərimiz artıq işğaldan azad edilib. Doğma yurdumu gedib görmək hələ ki, mənə qismət olmayıb. Amma valideynlərim gedib görüblər. Evimizin divarlarının yarısı qalıb. Söküb apardıqlarını aparıblar, apara bilmədiklərini yandırıblar. Qəbirlər qalıb. Atama Ağdaban kəndinə getmək qismət olub. İnşallah ki, mən də gedərəm” deyə idmançı bildirib.

Mənbə

Share: