Aydınlar Partiyası Zəfər Bayramının ikinci ildönümü ilə əlaqədar Bəyanat yayıb

Aydınlar Partiyası 8 Noyabr Zəfər Bayramının ikinci ildönümü ilə əlaqədar Bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

2020-ci ilin sentyabr ayının 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Zəfəri ilə başa çatmasından 2 il keçir. Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı erməni quldurlarından təmizləməyə başladı.  44 günlük Vətən müharibəsi gedişində Azərbaycan Ordusu Ermənistan ordusunu faktiki darmadağın etdi, təxminən 30 il davam edən işğala son qoyaraq dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqının Vətən müharibəsi və tarixi Zəfəri  həmçinin dünya hərb tarixinə çoxsaylı yeniliklər gətirdi. Bu gün Azərbaycan ordusunun  döyüş təcrübəsi və taktikasının dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilməsi bunun göstəricisidir.

 

Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzini təcəssüm etdirən bu tarixi Zəfər xalqımızın uzun illər davam edən  məğlubiyyət əhval ruhiyyəsinə son qoyaraq onu qalib xalqa çevirdi, Azərbaycan xalqının tarixi taleyi ilə bağlı olan mühüm bir məsələni mahiyyətcə həll etdi, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına dəfələrlə milli fəlakətlər gətirmiş erməni faşizminə sarsıdıcı zərbə endirdi, ermənilər barəsində süni yaradılmış miflərə son qoydu. Dövlətimiz bölgədə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini nümayiş etdirən aparıcı bir dövlətə çevrildi. 

 

Bu Zəfərin qazanılmasında xalqımızın milli həmrəyliyi və birliyi, siyasi partiyaların dövlətimizə, Silahlı Qüvvələrimizə və onun Ali Baş Komandanı İlham Əliyevə bitmənalı dəstəyi, ordu quruculuğundakı uğurlar, Silahlı Qüvvələrin döyüş əzmi, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığı və peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi müstəsna rol oynadı.

 

Aydınlar Partiyası şəhidlərimizin ruhu qarşısında baş əyərək, qazilərimiz və bu Zəfərdə payı olan bütün şəxslərə ehtiramını ifadə edərək tarixi Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan xalqını və dövlətini, Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini, onun Ali Baş Komandanını təbrik edir, hərbi zəfərin diplomatik cəbhədə təsbiti üçün həyata keçirilən siyasəti dəstəklədiyini bəyan edir.

 

Mənbə

Share: