Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığında yeni mərhələ başlanır…

Azərbaycan Prezidentinin xarici siyasət kursunda mühüm istiqamətdən biri də iqtisadi əlaqələrdir. Bu gün ölkəmiz dünyanın ən böyük dövlətləri ilə qarşılıqlı iqtisadi münasibətlərini yüksəltməkdədir. Xüsusilə enerji daşıyıcıları ilə bağlı Azərbaycan hazırda mühüm və əvəzedilməz iqtisadi mövqeyə malikdir. Dünyada baş verən proseslər Avropa ölkələri üçün respublikamızın həm siyasi, həm də iqtisadi dəyərini xüsisilə artırmışdır. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstana səfəri xüsusilə diqqət çəkir. Ən yüksək səviyyədə keçirilən görüşlər, imzalanan sənədlər iki dost və strateji tərəfdaş ölkələr kimi Azərbaycan və Bolqarıstan arasında siyasi əlaqələrin ötən illər ərzinfə dinamik inkişaf etdiyini göstərir. Hər iki ölkənin dövlət başçıları və hökumət üzvləri səviyyəsində reallaşan çoxsaylı görüşlər enerji təhlükəsizliyi sahəsində yeni uğurların əldə ediləcəyini düşünməyə əsas verir.  

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov Moderator.az-a açıqlamasında söyləyib.

Deputat vurğulayıb ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru tarixi əhəmiyyətə malikdir və bu layihə həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük fayda gətirəcək.  

 

Enerji təhlükəsizliyi ilə bağlı bir məqamı da diqqətə çatdıraraq qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Bu, Avropanın indiki enerji durumunda çox əhəmiyyətli bir faktdır. Ümumiyyətlə, ölkəmizin enerji siyasətində əsas meyar daha çox ölkələri təbii qazla təmin etməkdən ibarətdir.

 

Bu sahədə əsas aparıcı qüvvə olan SOCAR-ın Avropadakı fəaliyyətinə də Prezident İlham Əliyevin Bolqarıstan səfərinin təsiri böyük olacaq. Belə ki, ikitərəfli görüşlər və imzalanan sənədlərdə elektrik enerjisinin ixracı ilə bağlı qarşılıqlı əməkdaşlıqla yanaşı, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə bu ölkədə enerji infrastrukturunun yenilənməsi nəzərdə tutulub ki, bu istiqamətdə də şübhəsiz ki, SOCAR-ın imkanlarından istifadə ediləcək.   Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində mühüm yer tutan nəqliyyat və tranzit yüklərin daşınması  məsələsində də Bolqarıstan səfəri xüsusi diqqət çəkir.

 

Rəşad Mahmudov sonda bildirib ki,  bu gün Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Bütün bu infrastruktur obyektləri Azərbaycan üzərindən tranzit yüklərin həcminin artırmaq məqsədi güdür.

 

Bolqarıstan və Azərbaycan nəqliyyatçıları uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq mühiti yaradıblar və bu əməkdaşlıq inkişaf yolundadır.

Prezident İlham Əliyevin  son səfərindən sonra iqtisadi sahədə dərinləşəcək əməkdaşlıqda mühüm məqamlardan biri də Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunması, işğalqan azad olunmuş ərazilərdə əməkdaşlıq üçün yeni imkanlar yaradılmasıdır. Bu əlverişli imkanlar isə ölkəmizin beynəlxalq iqtisadi münasibətlərinin inkişafında yeni bir səhifənin başlanğıcını şərtləndirir.

Mənbə

Share: