“Azərbaycan Ordusu əraziləri terroristlərdən təmizləməyə hazır olmalıdır” – Polkovnik

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və ərazisində yaşayacaq insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə antiterror əməliyyatları keçirə bilər:

“Bu günə qədər Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda antiterror əməliyyatlarının icra edilməsinə ehtiyac yox idi. Təbii ki, əgər bu şəkildə gizli olaraq mülki şəxs adı altında həmin ərazilərə insanlar yerləşdirilsə və yenidən silahlanmaya doğru fəaliyyətlər olsa, mütləq şəkildə Azərbaycan öz antiterror əməliyyatlarını keçirəcək. Əgər bölgədə bu cür halların qarşısı sülhməramalı qüvvələr tərəfindən alına bilmirsə, alınmırsa və yaxud da görməməzlikdən gəlirsə, mütləq olaraq Azərbaycan öz ərazi bütövlüyünü və ərazisində yaşayacaq insanların təhlükəsizliyini təmin etmək adına antiterror əməliyyatları keçirməlidir və bu, labüddür.

Türkiyə daim Azərbaycanın yanında olub, dəstəyini əsirgəməyib. Türkiyə bizə ordu quruculuğumuzda, istər hərbi təhsil yönündə olsun, istər müdafiə sənayemizin inkişafı yönündə hər zaman dəstək verib. 44 günlük müharibədə də siyasi dəstəklə yanaşı, ortaq təlimlərin keçirilməsi Azərbaycana verilən mənəvi dəstəkdir. Bu gün Türkiyə ilə ən son Qarsda bərabər keçirdiyimiz təlimlərin alt mövzularından biri də antiterror əməliyyatları ilə bağlı idi. Məhz bu cür təlimlərin olması, bu gün ola biləcək antiterror əməliyyatlarına qarşı Azərbaycan Ordusunun hazırlanmasıdır. Azərbaycan Ordusunun hazırlanmasında Türkiyə və Pakistan kimi bu sahədə təcrübəsi olan ordularla qarşılıqlı əlaqədə olması, onların təcrübələrindən faydalanması özü bir dəstəkdir. Amma fiziki olaraq Türkiyənin, Pakistanın bizi dəstəkləməsi söhbət mövzusu ola bilməz. Buna ehtiyac da yoxdur. 

 

Bu gün Rusiya ilə Türkiyənin ortaq iştirakı ilə Birgə Monitorinq Mərkəzi gündəmdədir. Buradan Rusiya və Türkiyənin ortaq olaraq müşahidələrinin həyata keçirilməsi, hadisələri obyektiv yerində görməsi, dəyərləndirməsi, ola biləcək risklərin qarşısını alması yönündə Türkiyə hərbi qulluqçularının iştirakı Azərbaycana dəstəkdir. Amma bundan başqa bu cür dəstəkləri yetərli olmazsa, mütləq şəkildə Azərbaycan Silahlı Qüvvələri, bütün güc strukturları ilə bərabər öz ərazilərini terroristlərdən təmizləməyə hazır olmalıdır”.

Share: