Azərbaycan sülh sazişi üzrə danışıqlara hazırdır

Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyinə dair fikirlər səsləndirmək və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri gərək sülh sazişinin hazırlanması üzrə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh sazişinin elementləri üzrə ilk layihəni Cenevrə görüşündə kimin təqdim etdiyi, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələlərinə aydınlıq gətirərdi.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən bildirib.

 

A.Hacızadə deyib ki, ötən ilin dekabrında Ermənistanın sülh sazişi üzrə son təkliflərini verən kimi məhz bu təkliflərlə sənədi dərhal imzalamağa hazır olduğunu bildirməsi bu ölkənin saziş üzrə danışıqlar prosesinə ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzinə, görüşə hazır olub-olmadığını bəyan etməlidir. “Bir daha vurğulamaq istərdik ki, Azərbaycan tərəfi sülh sazişi üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, – deyə XİN-in sözçüsü qeyd edib.

Mənbə

Share: