“Azərbaycan Türkiyə Universitetinin yaradılması çox lazımlı və faydalı ola bilər…”

 

Milletinsesi.az xəbər verir ki, son illər Azərbaycanla Türkiyə, o cümlədən digər türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələrin genişlənməsinin şahidi olmaqdayıq. Təhsil, elm, mədəniyyət və s. istiqamətlərdə də çalışmalar həyata keçirilir, qurumlar və şəxslər əməkdaşlıqlar qururlar.

Bu istiqamətə mövcud olan çalışmaların daha da genişləndirilməsi lazımdır. Xüsusilə də təhsil sahəsində olan əlaqələrin inkişaf etdirilməsi zəruridir. Doğrudur universitetlərin, təhsil ictimaiyyətinin gördükləri işlər, xüsusən də əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə mübadiləsi, ikili diplomların verilməsi, nəşriyyat fəaliyyəti, pedaqoji heyətin qarşılıqlı səfərləri, ortaq qurumların yaradılması, informasiya dəstəyinin verilməsi və s. çalışmalar təqdirəlayiqdir, lakin yetərli deyil.

Azərbaycanın Türkiyənin qabaqcıl təhsil təcrübəsini öyrənməsi, onu ölkəmizdə tətbiq etməsi təhsil prosesində ciddi dönüşə və inkişafa səbəb ola bilər. Bu baxımdan mövcud əməkdaşlıqları daha da inkişaf etdirmək üçün Azərbaycan Türkiyə Universitetinin yaradılması çox lazımlı və faydalı ola bilər.

Rusiya, Fransa ilə mövcud təhsil müəssisələrinin olmasını, İtaliya və s. ölkələrlə yaradılma perspektivini nəzərə alsaq niyə də qardaş Türkiyə ilə belə bir ali məktəb qurulmasın? Bu universitetin ən qısa müddətdə yaradılmasının vacib olduğunu qeyd edərək, onun ölkəmizin təhsil, elm, mədəni-mənəvi mühitinin inkişafında müstəsna rol oynaya biləcəyini bir daha vurğulamaq istərdim.

Mübariz Göyüşlü

Bakı Dövlət Universitetinin müəllimi, Müasir İnkişaf Birliyinin sədri

Mənbə

Share: