Azərbaycanda vaksinasiyanın başlanacağı vaxt açıqlanıb

Ötən ilin əvvəllərindən başlanılan yeni növ koronavirusla (COVID-19) mübarizənin özünün sonuncu mərhələsinə qədəm qoyduğunu söyləmək olar. Artıq dünyanın bir sıra ölkəsində vaksinasiyaya başlanılıb. Ölkəmizdə də həmin prosesə hazırlıq görülür və ən yaxın vaxtlarda peyvəndləmənin aparılması gözlənilir.

Milletinsesi.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycan həmin proseslərdə öndə gedən ölkələrdən sayılır: “Vaksinlərin alınıb gətirilməsi ilə əlaqədar aparılan bütün danışıqlar müsbət nəticələnib və gözləməyə dəyər ki, yanvarın axırlarına 4 milyon doza vaksin ölkəmizə gətiriləcək. Əhalinin vaksinasiyasının isə fevraldan gec olmayaraq başlanılacağına ümid etmək olar”.

“Hesab edirəm ki, bütün dünyada olduğu kimi ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunacaq və vaksinlər əhaliyə dövlət hesabına vurulacaq. Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması sahəsində işlər aparılır. Ümid edə bilərik ki, Azərbaycanda vaksinasiya az vaxt ərzində və yüksək keyfiyyətlə aparılacaq, təhlükəli bəşəri infeksiyaya ilə mübarizə aparanlar isə bundan sonra COVID-19-u yaxın tariximizin arxada qalan keçmişi kimi xatırlayacaqlar”, – deyə komitə sədri bildirib.

Share: