Azərbaycanın “qırmızı kitab”ı: Milli təhlükəsizlik konsepsiyamız niyə dəyişməlidir

İkinci Qarabağ müharibəsindən sonra mətbuatda və ictimai-siyasi dairələrdə ölkəmizin milli təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparıldı. Bəzi ekspertlər Qarabağın işğaldan azad edilməsindən sonra buna zərurət olduğunu düşünür.

 

Milli təhlükəsizlik konsepsiya ölkənin xarici və daxili siyasəti ilə bağlı prinsiplərin yer aldığı sənəddir. Türkiyədə “qırmızı kitab” adlandırılan bu sənəd daim qlobal təhlükəsizlik mühitinə uyğunlaşdırılmağa ehtiyac duyur. Azərbaycanın milli təhlükəsizlik konsepsiyası 2007-ci ildə qəbul edilib. 17 il ərzində konsepsiyada heç bir dəyişiklik edilməyib. Ötən ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bötüvlüyünü tam təmin etməsi məsələni yenidən aktuallaşdırıb.

 

Konsepsiyada nələr var…

 

Milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın üzləşdiyi ən vacib problemlərin qonşu Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması, təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsi olduğu bildirilir.

 

Konsepsiyada bildirilir ki, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğudövlət qarşısında müəyyən vəzifələr qoyur.

 

“Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir. Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, monoetnik dövlətçilik, etnik təmizləmə və ərazi ekspansionizminin Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə arasında münasibətlərə gələcəkdə də mənfi təsir göstərəcəyi qaçılmazdır”, – konsepsiyada deyilir.

 

Bundan başqa, təhlükəsizlik sənədində iqtisadiyyat. Enerji, elm, təhsil, mədəniyyət, miqrasiya, sərhəd və sair kimi məsələlərlə bağlı bir sıra müddəalar yer alıb. Konsepsiyada Avropa və Avro-Atlantik strukturlara inteqrasiya da öz əksini tapıb.

Son 17 ildə dünya necə dəyişib…

 

Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına yenidən baxılması zərurəti sənədin qəbulundan sonra ölkədə və dünyada baş verən hadisələr, qlobal təlükəsizlik mühitinin kökündən dəyişməsindən yaranıb. Şübhəsiz ki, sözügedən hadisələrin ən vacibi Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz ərzi bötüvlüyünü tam təmin etməsidir. Bu nailiyyət strateji prioritetlərin və məqsədlərin yenidən kalibrlənməsini tələb edir, təhlükəsizlik sistemini əsaslı şəkildə dəyişdirir.

 

Üstəlik, geosiyasi arena gözlənilməz xarakter alıb. Ukrayna və Yaxın Şərq kimi regionlarda davam edən müharibələr təhlükəsizlik və təhdid anlayışlarına ciddi təsir edib. Azərbaycan belə dinamik mühitdə milli təhlükəsizliyə yanaşmada statik qala bilməz. Ölkəmiz yaranan çağırışlara effektiv cavab vermək və maraqlarını qorumaq üçün öz strateji mövqeyini yenidən qiymətləndirməlidir.

 

Ənənəvi təhlükəsizlik problemləri ilə yanaşı, Azərbaycan çoxsaylı yeni və mürəkkəb çağırışlarla üzləşib. Bunlardan başlıcası qlobal istiləşmə və onun timsalında ekoloji problemlərdir.  Geosiyasi baxımdan həssas regionda yerləşən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin mənfi təsirlərindən, o cümlədən ətraf mühitin deqradasiyası və resurs çatışmazlığından immunitetə malik deyil.

 

Region ölkələri ilə münasibətlərdə də əsaslı dəyişikliklər baş verib. Bu gün “3+3”, Azərbaycan-Türkiyə-Gürcüstan kimi aktual platformalar mövcuddur. Regionda Rusiyanın mövqeyi zəifləyib, Qərb üstünlük qazanmağa çalışır, Hindistan, Çin və sair kimi yeni aktorlar mövcuddur.

 

Konsepsiya niyə dəyişməlidir…

 

Nəticə etibarilə, potensial problemləri azaltmaq və davamlı inkişafı təmin etmək üçün iqlimə strategiyalarının milli təhlükəsizlik çərçivəsinə inteqrasiyası zəruridir.

 

Bundan əlavə, kibermüharibə və terrorizm kimi qeyri-ənənəvi təhlükəsizlik təhdidlərinin yayılması milli təhlükəsizliyə hərtərəfli və adaptiv yanaşmanı zəruri edir. Azərbaycan kibertəhlükəsizlik imkanlarını gücləndirməli və kibertəhlükələrlə effektiv mübarizə aparmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməlidir.

 

Sözügedən reallıqlar fonunda Azərbaycan milli təhlükəsizliyə çeviklik və innovasiyya üstünlük verən perspektivli yanaşma tətbiq etməlidir. Azərbaycan milli təhlükəsizlik sənədini müasir dünyanın reallıqlarına uyğunlaşdırmalıdır. Milli təhlükəsizlik sənədinə yenidən baxılması təkcə strateji zərurət deyil, həm də Azərbaycanın daim dəyişən qlobal dünyada sülh, sabitlik və davamlı inkişafa sadiqliyinin bir daha təsdiqi olacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Mənbə

Share: