Bəhrəmtəpə-Biləsuvar yolu yenidən quruldu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Regionların 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunu yenidən qurub.

Bu barədə Milletinsesi.az-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, yol ölkənin regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə uyğun təkmilləşdirilməsi işləri aparılıb. Ümumi eni 15 metr olan yola 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində həmçinin yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

 

Share: