Bakıda bu ərazilərdə hava daha çox çirklənməyə məruz qalır – SİYAHI

Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan keyfiyyəti hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın çoxluğu atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.

U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur:”Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdir.

Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır”.
U.Tağıyeva bildirib ki, n əqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.Digər ərazilərlə müqaisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

Departament direktoru deyib ki, Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı” zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub:

“Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə -Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər”.

U.Tağıyeva bildirib ki, Sumqayıt şəhərində aparılan anoloji monitoriqlərin nəticələrinə əsasən, Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub:

“Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür. Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir”. (Trend)

Share: