Bakıda bu restoranın fəaliyyəti dayandırıldı – Açıqlama

Bakıda bu restoranın fəaliyyəti dayandırıldı – Açıqlama

Bakının Nərimanov rayonunun Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülərlə bağlı aparılan araşdırma başa çatıb.

Bu barədə Milletinsesi.az-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

O bildirib ki, kafedə sanitar və gigiyenik qaydalara əməl olunmadığı üçün onun fəaliyyəti məhdudlaşdırılıb:

“Sözügedən ictimai-iaşə obyektinə baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönərbişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının (qutab və peraşkilərin) hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti və emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

Bütün bunları nəzərə alaraq, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı.

Share: