Bakıda güclü külək: Sürücülər bu işarəyə ikiqat diqqət etməlidirlər – İZAH

Dekabrın 28-də səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir.

Müşahidə olunan hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ küləkli havada həyat və sağlamlığın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

“Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, irihəcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar”, – deyə bildirilib.

Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, çoxmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər.

Bildirək ki, sürücülər 1.27 xəbərdarlıq nişanının quraşdırıldığı yerlərdə xüsusilə diqqətli olmalıdırlar.

Bu nişanın mənası “yandan əsən külək” deməkdir.

“Yol hərəkəti haqqında” Qanunun 62-ci maddəsi xəbərdarlıq nişanlarının quraşdırılması şərtlərini izah edir.

Bildirilir ki, xəbərdarlıq nişanları hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır.

1.27 nişanına gəlincə, o, yandan əsən və hərəkətdə olan nəqliyyat vasitəsi üçün təhlükə doğura biləcək güclü küləyin ola biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir.

Nişan, güclü külək olmasa belə, sürücülərdən maksimal ehtiyatlı olmağı tələb edir. Çünki həmin nişan dərələrdən açıq sahəyə çıxan yollarda, yatağı xeyli hündürə qaldırılmış yollarda, su hövzələrinin yanından keçən yollarda, böyük körpülərin üzərində və s. bu kimi yol sahələrində quraşdırılır.

Bu nişanı görən sürücü (xüsusən yüklə birgə və ya yüksüz vəziyyətdə hündür olan nəqliyyat vasitələrinin sürücüləri) sürəti azaltmalı, sərt manevrlərdən çəkinməli və güclü küləyin yarada biləcəyi gözlənilməzliklərə hazır olmalıdır. Küləyin sürətinin çox olduğu zamanlarda isə həmin işarəyə ikiqat diqqət etmək gərəkdir.(aftosfer.az)

Share: