Bakıda qanvermə aksiyasına 160 tibbi personal cəlb edilib

“Bakıda keçirilən qanvermə aksiyasına 160 tibbi personal cəlb edilib”.

 

Modern.az xəbər verir ki, bunu “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər qan verə bilərlər: “Bu da həkim müayinəsindən sonra məlum olur. İlk olaraq təzyiq yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşir. Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 millilitr qan götürülür”.

 

Q.Vəliyeva bildirib ki, ölkədə 1500-dən artıq talassemiya xəstəsi var: “Onlara iki-üç həftədən bir qan köçürülür. Ona görə də qan daimi lazımdır və hər zaman könüllü qan verənlərə ehtiyacımız var”.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

Mənbə

Share: