Bakıda Qırğızıstana dair sərginin açılışı oldu

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində “Qırğızıstanın təbii və mədəni irsi” adlı sərginin açılış mərasimi keçirilib.

Milletinsesi.az xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğızıstan xarici işlər nazirinin müavini Nuran Niyazəliyev çıxış edib.

Qırğızıstan xarici işlər nazirinin müavini Nuran Niyazəliyev çıxışında Azərbaycanla ölkəsi arasındakı ikitərəfli münasibətlərdən bəhs edib:

“İki qardaş ölkə və xalq arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla inkişaf edib. Biz bu fürsətdən istifadə edərək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına təşəkkürümüzü bildirir və təbriklərimizi çatdırırıq”.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Dünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil. Onun sözlərinə görə, bu çərçivədə müxtəlif mədəni, tarixi və maddi-mənəvi miraslara həsr olunmuş tədbirlər, o cümlədən sərgilər keçirilir:

“Bu mənada Qırğızıstana həsr olunmuş sərginin açılışı əlamətdar hadisədir. Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir”.

Sərgi iyulun 5-dək davam edəcək.

 

Share: