Bakıda və Qarabağda “Turan ellər var olsun”, növrağı…

Və ya daha böyük hədəflərə doğru BİR MİLLƏT olaraq!!!

 

Dost-qardaş gəlişi hər zaman bayram olar. Bu mənada bayram bayrama qarışıb, deyə bilərik. Ramazanın ilk günündə, Novruza sayılı günlər qalmış Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycanda dövlət səfərində olması da tarixi hadisədir və özəllikləri var.

 

Müstəqil Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin tarixi 1992-ci ildən başlasa da, iki qardaş xalq arasında münasibətlər qədim tarixə malikdir. Oğuz və qıpçaq türkləri olaraq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan qardaş xalqları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Sovetlərin repressiya maşınının “at oynatdığı” dönəmlərdə minlərlə azərbaycanlının məhz Qazaxıstana sürgün edilməsinin də bəlkə mistik tərəfi var idi… O soyun daşıyıcıların bir çoxu qazax elində əzablara dözdü, yaşadı, artdı, bu gün Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 300 mindən artıqdır. 90-cı illərin Qanlı Yanvar qırğınından sonra Moskvada, SSRİ Ali Sovetinin sessiyasında Azərbaycanın haqq səsinin carçısına çevrilmiş böyük qazax mütəfəkkiri Oljas Süleymanovun varlığı ilə qürur duymuşuq hər zaman. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin vaxtilə Qarabağ məsələsinin dinc həllinə səy göstərməsini də unutmamışıq. 1991-ci ilin 20 noyabrında, sülh təşəbbüsü ilə çıxış edən heyətin Qarabağa uçuşu zamanı terrora məruz qalaraq həlak olanlardan biri, Qazaxıstanın daxili işlər nazirinin müavini Saylau Serikovun xatirəsi də bizə əzizdir. Beləcə, Qazaxıstanla Azərbaycan birgə yol gedir, BMT, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Türk Dövlətlər Təşkilatında…

25d37bd5-b8de-376c-a5a7-f1e15156.jpg (301 KB)

Bu müqəddəs yolçuluq bizi Qarabağda da görüşdürdü, şükürlər olsun! Rəsmi xəbərləri oxuduqca qürurlanırıq:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Azərbaycan Prezidenti bundan əvvəl Türk – Turan dünyasının digər liderləri ilə də görüşmüşdü: Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan azad Qarabağa səfər edən ilk xarici ölkə lideri oldu, özü də dəfələrlə. 2023-cü ilin 23 avqustunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna, daha sonra Şuşaya səfər etdi.

Bu dəfə Qazax lider Qarabağda! Qardaş Azərbaycanın xoş günündə iştirak, sevincinə şərik olmaq üçün gəlib. “Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik”, deyən qazax lider bir çox mərkəzlərə mesajını vermiş oldu, düşmənin bağrı çatlasın, dostlar sevinsin! Azərbaycan və Qazaxıstan liderləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Həmçinin Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

29999f90-3bf4-3751-8af6-94c35ae3.jpg (848 KB)

Prezident İlham Əliyev bir gün öncə Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirmişdi. Həmçinin “Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir” – demişdi.

Yeri gəlmişkən, Qarabağın yenidən bərpası prosesini təkbaşına həyata keçirən Azərbaycan dövləti ilk böyük hədiyyəni özbək qardaşlarımızdan qəbul edib. Özbəkistan Prezidentinin göstərişi ilə Füzuli rayonunda tikilərək istifadəyə verilən 960 yerlik tam orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Bu mənada Türk dövlətlərinin həm də rəmzi məna kəsb edən bu nəcib addımları qazax xalqının timsalında davam edir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-JomartKemeleviçin təşəbbüsüdür. Dövlət başçımız da qeyd etdi ki, 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olunacaq. 

“Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”, – deyə Prezident xüsusi vurğulayıb.

WhatsApp Image 2024-03-12 at 16.51.42.jpeg (79 KB)

Prezident İlham Əliyev məhz yüksək səviyyəli münasibətlərə istinad edərək Qazaxıstanın Azərbaycan üçün  qardaş ölkə və strateji tərəfdaş olduğunu bəyan etdi. Qeyd etdiyi kimi, münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Təkcə son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, bu dövr ərzində Qazaxıstan Prezidenti ölkəmizə 3 dəfə təşrif buyurub.

Azərbaycanın dövlət başçısı ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını məmnunluqla ifadə etdi. Qardaş ölkənin hər zaman Azərbaycanın dövlət və milli maraqlarını nəzərə almasını müşahidə etmişik.

Təkcə bir xatırlatma kifayətdir: 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan çox çalışdı, KTMT-ni Azərbaycana qarşı səfərbər eləsin, o zaman Qazaxıstan başda olmaqla, dost ölkələr bu təşəbbüsün üstündən xətt çəkdilər, Ermənistan mağmın vəziyyətə düşdü, təmsil olduğu təşkilat üzvləri onu yox, Azərbaycanı müdafiə etdilər. Yeri gəlmişkən, Ermənistanın KTMT-dən qopması prosesinin əsası məhz həmin dövrdən başladı…

Artıq bütün bunlar geridə qalıb. Azərbaycan dəfələrlə bəyan edib ki, biz yeni müharibə istəmirik! Dövlət başçımız qazax həmkarı ilə görüşdən sonra da qeyd etdi ki, Azərbaycan danışıqlar məsələsində maraqlıdır və məhz ölkəmiz sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Qazaxıstanın Prezidenti Kasım-JomartKemeleviçlə görüşdə Türk Dövlətləri Təşkilatı ilə bağlı önəmli açıqlamalar ümumi prioritetləri bir daha xatırlatdı. Prezident İlham Əliyev bu ilin 14 fevralındakı andiçmə mərasimində təsadüfən “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir” – deməmişdi. Eyni zamanda Azərbaycanın yürütdüyü siyasətin əsas hədəflərini bir daha elan etmişdi.

76481366-086a-3e1b-b375-3b350a35.jpg (83 KB)

Sitat: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Budur, həmin doğma ailənin əziz üzvlərindən biri bu gün azad Qarabağda, azərbaycanlı qardaşı ilə yanaşıdır, bölgənin rifahı üçün dəstəyini, xeyir-duasını əsirgəmir. Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Qeyd etdi ki, bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələri də olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Prezidentin bəyan etdiyi kimi, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. TransXəzər nəqliyyat dəhlizi fövqəladə əhəmiyyətə malikdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin gərgin vədəsində belə, Qazaxıstan və Azərbaycan arasında ciddi problemlər müşahidə olunmadı, qardaşlıq öz sözünü dedi. Yüksək səviyyədə vurğulandığı kimi, Xəzər dənizi təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Qazaxıstanın Aktau limanı vasitəsilə yükdaşımalar da uğurla reallaşdırılır. Prezident də qeyd etdi, TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir.

Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Prezident məmnunluqla qeyd etdi:

WhatsApp Image 2024-03-12 at 16.51.44 (1).jpeg (102 KB)

“Zəngin təbii ehtiyatlara malik olmağımızabaxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişaf dinamikasını müsbət qiymətləndirib. Bildirib ki, 2020-ci ildən Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb.

“Əlbəttə, bununla bağlıq rəqəmlər o qədər də təsirli görünməyə bilər. Burada görüləcək işlər var, lakin dinamikanın özü müsbət qiymətləndirilməyə bilməz. Ölkələrimizin mühüm iqtisadi potensialı var. Hesab edirəm ki, növbəti uğurlar çox da uzaqda deyil”-qazax lider bildirib. Onu da bildirib ki, əməkdaşlığın spektrı çox genişdir: “Biz bu gün neft və təbii qaz sahəsi daxil olmaqla, nəqliyyat və logistikadan başlayaraq, rəqəmsallaşma məsələlərinə qədər bu barədə danışdıq. Mən məmnunam ki, biz beynəlxalq arenada uğurla işləyirik. BMT və digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz uğurla qarşılıqlı fəaliyyət göstərir. Düşünürəm ki, bu xətt davam etdiriləcək”.

55faabe5-38e9-3916-a55c-9d449b59.jpg (227 KB)

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Amma ölkələrimizin daha böyük potensialı var.

 

Heç şübhəsiz, dayanmaq, durmaq, kifayətlənmək yox! Məhz bu səbəbdən çoxsaylı sənədlər imzalandı… Əlaqələr davam etdirilməli, daha böyük hədəflərə çatılması üçün gərəkənlər edilməlidir. Həm də türkofobiya, isloamofobiya mərəzinə mübtəla olanlara qarşı bütün platformalarda “qazax, qırğız, türkmən, azər…”, ümumilikdə bir soyun, bir boyun təmsilçiləri olaraq BİR MİLLƏT kimi var olmalıyıq! O halda Turanı yenə, bölüb-parçalaya bilməyəcək türk düşmənləri! Tarixən başımıza nələr gəldisə, bölünməyimizdən, təklənməyimizdən oldu…

 

Beləliklə, Bakıda və Qarabağda “Turan ellər var olsun”, növrağı qurulub bu günlərdə. 21-ci əsr Türk Əsri olacaq, şübhəmiz yoxdur! Zəngəzur dəhlizinin işə düşməsi, Turan qapısının açılması Qazaxıstan və Azərbaycan arasında əlaqələrin daha yüksəklərə qaldırılması, həmçinin Mərkəzi Asiyanın, Türk ellərinin Türkiyə ilə quru əlaqəsinin birləşdirilməsi baxımından tarixi əhəmiyyətə malik olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizinin açılış mərasimində Turan dövlətlərinin liderləri də hamılıqla iştirak edəcəklər, “əsrə bərabər gün”də bir araya gələcəklər!  

 

Elşad PAŞASOY, Musavat.com

Mənbə

Share: