“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki…”-Sabiq baş diplomat

“Azərbaycan neytral bir ölkədir. Amma neytral ölkə olmasına baxmayaraq, NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə hərbi müttəfiqliyi, həmçinin çox dərin və hüquqi baxımdan əsaslı bir münasibət və əlaqələri mövcuddur…”

 

“Əvvəla, onu bilməliyik ki, Yens Stoltenbeerq artıq NATO Baş katibi vəzifəsini bitirir və həmin posta yeni seçkilər olacaq. İkincisi, həmişə olduğu kimi, Alyans planlaşdırma işləri aparır və müxtəlif bölgələrdə vəziyyəti qiymətləmdirmə prosesləri gedir. Təbii ki, NATO-nun gündəmi genişdir: Ukraynadan tutmuş Rusiyaya, Uzaq Şərqə qədər… Və Cənubi Qafqaz da gündəmdə olan bölgələrdən biridir ki, orada baş verən son hadisələrdən sonra yekun qiymətləndirmə aparmaq lazımdır. Odur ki, Alyansın Baş katibi bölgəyə növbəti səfər edib və ilk olaraq Bakıya gəlib”. 

 

Bunu Moderator.az-a açıqlamasında NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana, eləcə də Gürcüstan və Ermənistana səfərlərinin əsas məqsədlərindən bəh edən sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.

 

“Üç Qafqaz ölkəsinin NATO ilə bağlı müxtəlifyönlü siyasətləri var. Gürcüstan xeyli müddət əvvəl Alyansa qəbul olunmaq arzusunu ifadə edib, ancaq son dövrlərdə bu mövzuda yeni bəyanatlar səsləndirilməyib… Ermənistan faktiki və de-yure Rusiyanın hərbi müttəfiqidir. Eləcə də bu ölkənin KTMT-yə üzvlükdən çıxması barədə müxtəlif  fikirlər səslənsə də, reallıq göz önündədir. Eyni zamanda məlumdur ki, Ermənistanın Rusiya ilə birbaşa müttəfiqlik sazişi var və müştərək hərbi qruplaşmaları fəaliyyət göstərir. Həmçinin havadan müdafiə sistemləri də müştərəkdir. Və s. 

 

Azərbaycana gəldikdə, bilirik ki, Azərbaycan neytral bir ölkədir. Amma neytral ölkə olmasına baxmayaraq NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə hərbi müttəfiqliyi, həmçinin çox dərin və hüquqi baxımdan əsaslı bir münasibət və əlaqələri mövcuddur.  Eyni zamanda Azərbaycan NATO sttandartlarına uyğun olan bir hərbi infrastruktur yaradır… Bax, Stoltenberq bölgədəki belə bir şəraitdə bir daha müəyyən məsələləri dəqiqləşdirmək məqsədilə gəlib”, – deyə davamında siyasi şərhçi bildirib.

 

“Azərbaycanla bağlı daha bir məqama diqqət etmək gərəkdir. Bilirsiz ki, NATO hərbi təşkilat olduğuna görə, onun hərbi potensiala kritik təsir edən enerji təminatları da çox vacibdir. Hətta Alyansın tərkibində neft-qaz boruları və elektrik kommunikasiyaları üzrə bir komitə də mövcuddur. Və həmin komitə vasitəsilə NATO ölkələrinin kritik əhəmiyyət kəsb edən enerji mənbələri daimi diqqət altında saxlanılır. Və Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə NATO Baş katibinin mətbuata bəyanatlarında bu mövzuda səslənən fikirlər də onu təsdiq edir ki, NATO bir hərbi təşkilat olaraq enerji ilə bağlı mövzulara çox böyük önəm verir. Azərbaycan da enerji məsələlərində Avropa İttifaqı, həm də NATO-nun illərdir ki, müttəfiqidir və Avropanın, eləcə də, qitədəki NATO ölkələrinin enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Və hazırkı mərhələdə Azərbaycanın bu sahədəki rolu daha da çoxalıb. Təbii ki, Bakıya gələn NATO Baş katibi də bunları yaxşı bilir”, – deyə keçmiş xarici işlər naziri vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: