Bayram ərəfəsində ərzaq qiymətləri BAHALAŞACAQ

Novruz bayramına sayılı günlər qalıb. Bir neçə gündən sonra xalqımız öz tarixi bayramı olan Novruzu qeyd etmək üçün marketlərə, bazarlara axın edəcəklər.

 

Vətəndaşların alacağı məhsulların qiymətində bahalaşma olub-olmayacağı maraq doğurur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan  iqtisadçı ekpsert Akif Nəsirli bildirib ki, Novruz bayramında süfrə açmaq üçün lazım olan məhsullarda artıq bahalaşma müşahidə olunur:                                                                                                       

“Azərbaycan bazarı inhisarçıdır. İnhisarçı iqtisadiyyatın bazarında, dükkanında dövriyyə sürətlənəndə, yəni satış həcmi bir qədər artanda inhisarçılar dərhal qiymətləri artıraraq daha çox qazanc əldə etmək fikrinə düşürlər. İndi də həmin qaydadır. Qoz, fındıq, turşular, digər quru meyvələrin qiymətlərində bahalaşma müşahidə olunur. Novruz bayramında süfrə açmaq üçün düyüdən, ətdən tutmuş nəyə ehtiyac varsa, hamısının qiymətlərində bayram ərəfəsində bahalaşma gözləniləndir. Artıq bahalaşma yuxarıda qeyd etdiyim kimi çərəzlərdə var. Əvvəllər 7-8 manata satılan qabıqlı qoz artıq 9, 10-11 manatdır. Elə bazarlar var ki orada qozun qiyməti 15-17 manata qalxıb. Ləpədəki 25-0 manat arasıdır. Ümumlikdə, 40 manata qədər ləpə var. Qiymətlər lpənin keyfiyyətindən asılı olaraq dəyişir. Bayram yaxınlaşdıqca digər məhsulların da qiymətlərində böyük ehtimalla bahalaşma olacaq. Nə qədər ki Azərbaycan iqtisadiyyatı inhisar altındadır, bu belə də davam edəcək”.

Ekspert inkişaf etmiş Avropa ölkələrində bayram ərəfələrində qiymətlərin ucuzlaşdığını diqqətə çatdırıb:

 

“Xüsusilə inkişaf etmiş Avropa ölkələrində bayramda insanların daha çox aldığı məhsulların qiyməti sürətlə ucuzlaşır. Qiymətlər ümumən ucuzlaşır. Ona görə ki, həmin ölkələrdə inhisarçılıq yoxdur. Orada rəqabət var. Rəqabətin güclü olduğu iqtisadiyyatlarda bazar iştirakçıları həmişə rəqibi qarşısında üstün olmaq üçün fürsət axtarırlar. Buna uyğun olaraq da keyfiyyəti artırır, qiymətləri mümkün qədər ucuzlaşdırırlar, artıq məhsul alanlara güzəştlər təqdim edirlər. Bayram ərəfəsində də aydın məsələdir ki, satış çox olur. Dövriyyə artdıqda onsuz da sahibkarın mənfəəti artır.  Sahibkar gündə10 ədəd məhsul satırdısa, dövriyyə artdığına görə artıq 100 ədəd məhsul satır. 10 ədəd məhsulun hər birindən 1 manat qalıb, ümumi gəlir 10 manat olurdusa, dövriyyə artdığına görə 100 məhsuldan 100 manat gəlir qalır. Sahibkar  bundan sonra endirimlər edir ki, müştərisi artsın. Amma inhisarçı bazarda belə düşüncə yoxdur. İnhisarçı bazarda sahibkar düşünür ki, məhsulu bundan almağa məhkumdurlar, hara fırlansalar, məhsulu ondan alacaqlar. Fikirləşir ki, 100 məhsulu 1 manatdan satıb 100 manat qazanacağıma  bir manat da qiyməti artırıb 200 manat qazansın. Bax belə düşünürlər. Ona görə də Azərbaycanda hansı məhsulun dövriyyəsi sürətlənirsə, onun qiyməti də artır”.

Mənbə

Share: