“Bir anlıq həzz üçün bir ömrü məhv etməyə dəyməz” – SOS

Son illər narkomaniyanın müasir dünyamızda sürətlə yayıldığı, bu təhlükənin hər bir cəmiyyəti təhdid etdiyi kimsəyə sirr deyil.

 

Maraqlıdır, narkomaniyaya qarşı ən effektiv mübarizə üsulu nədir? Cəmiyyətimizi, gənclərimizi bu bəladan qorumaq üçün hansı amillərə daha çox diqqət yetirməliyik?

 

Moderator.az-a açıqlama verən həkim-narkoloq Pərvin Abbaslı bu məsələdə diqqət yetirilməsi gərəkən məqamlara aydınlıq gətirib:

 

“Öncə bir məqamı qeyd edim ki, hər şey ailədən, məktəbdən, ətraf mühitdən başlayır. Valideynlərin düzgün yanaşması bu prosesdə olduqca vacibdir. Valideyn bilməlidir ki, övladının hər istəyini yerinə yetirməklə onu ərköyün böyütmək, yaxud əksinə, ona hədsiz şübhəçi münasibət bəsləmək olmaz. Valideynin övladı ilə dost olması çox önəmlidir.

 

Ətraf mühit, dostlar, məktəb yoldaşları, fərdin özünün iradəsi bu məsələdə mühüm rol oynayır. Narkotiklərin, psixotroptik maddələrin nə dərəcədə asan əldə olunması problemə təsir göstərən amillər sırasındadır.

 

Biz mükəmməl mübarizə üsulu axtarırıqsa, bilməliyik ki, belə bir mübarizə üsulu yoxdur. Biz məsələyə kompleks şəkildə yanaşmalıyıq. Gənclərin öz boş vaxtlarından səmərəli istifadəsi, öz üzərlərində çalışması, faydalı məşğulliyyətlərinin olması çox vacibdir. Bu, idman, təhsil, peşə sahəsi və s. ola bilər.

 

Gənclər zərərli vərfişərlə bağlı da maarifləndirilməlidir. Hansı ki, biz məktəblərdə bununla bağlı tədbirlə keçirir, narkotikin zərərləri ilə bağlı onları ətraflı şəkildə məlumatlandırmağa çalışırıq.  

 

Əgər bir şəxs narkotik bəlasına mübtəla olubda, o zaman onu bu bəladan qurtarmaq olar. Lakin bunun üçün onun özü iradə sərgiləməli, ailəsi, yaxınları da səbr və təmkin göstərməlidir. Burada da yanaşma kompleks olmalıdır. Həm psixoloji, həm medikamentoz, həm də əmək terapiyası və s. kimi üsullardan istifadə ediləməlidir.

 

Mən dəfələrlə narkotik bəlasına düçar olan gənclərlə söhbətlər etmişəm. Onlardan soruşanda ki, niyə bu yolu seçdiniz? Onlar bildirir ki, əgər biz bilsəydik ki, bu cür ağır, dəhşətli şeylərlə üzləşəcəyik, o zaman narkotikdən istifadə etməzdik.

 

Narkotik həm fiziki, həm də psixi xəstəliklərə yol açır. Narkotikin verdiyi eyforiya, həzz insanda bu bəlanın birinci psixikasını yaradır. Yəni şəxs növbəti dəfə bu həzzi yaşamaq istəyir. Fiziki ağrılar başlayanda isə özünü əlacsız hiss edir. Narkotiki əldə etmək üçün hər şeyə əl atır.

 

Narkotiklə mübarizədə marifləndirmə mühüm əhəmiyyət kəsb edir. Narkotikin fəsadları gənclərə izah edilməlidir. Onlar bilməlidirlər ki, bir anlıq həzz üçün bir ömrü məhv etməyə dəyməz.  Onlar bununla sadəcə öz həyatlarını məhv etmirlər, ailələrinin həyatlarını da çətinləşdirir, onlara müxtəlif məhrumiyyətlər yaşadırlar.

 

Mən gənclərimizi bu bəladan uzaq durmağa səsləyirəm!”

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: