“Bir dəfə hətta Laçın dəhlizinin 48 km enində olması da təklif olunmuşdu…”

“Ümumiyyətlə,  sözügedən təkliflərdə keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılacağı təqdirdə Azərbaycana öz ordusunu, eləcə də ağır hərbi texnikalarını həmin ərazilərə yeritmək icazəsi verilmirdi…”

 

“1997-ci ildə mən xarici işlər nazirinin müavini 1998-ci ilin martından isə nazir işlədim. Və həmin dövrdə Qarabağ danışıqlarıyla bağlı bir sıra hadisələrin şahidi olmuşdum. Bəli, həmin dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 dəfə təkliflər verilmişdi. Birinci paket variantı idi, sonra isə mərhələli variant, 3-sü isə bir növ qarışıq versiya idi: yarıpaket, yarımərhələli. Ümumi dövlət  təklifi var idi orada…” 

 

Bunu Moderator.az-a açıqlamasında ABŞ Dövlət Departamentinin 1997-1998-ci illərdəki Qarabağ siyasəti ilə bağlı bu günlərdə dərc olunmuş sənədlərindən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

 

“Və o vaxt konseptual olaraq Azərbaycanın razılığı var idi ki, Qarabağdakı ermənilərə yüksək status verilsin. Ermənilər isə onu qəbul etmirdi. 1-ci təklif irəli sürüləndə  Ermənistanda Ter-Petrosyanı devirdilər. 3-cü təklif irəli sürüləndə isə Ermənistan parlamentində məlum terror hadisəsi baş verdi… Mən, ümumiyyətlə, ABŞ Dövlət Departamentinin yaydığı sənədlərdən çıxan nəticə ilə, yəni guya  Minsk qrupu həmsədrlərinin eyni mövqedən çıxış etməkləri fikri ilə razı deyiləm. Yəni birincisi, Rusiya ilə ABŞ və Fransanın mövqeləri o qədər də bir-birləri ilə üst-üstə düşmürdü.  Və biz bir şeyi də başa düşməliyik ki, deyilən təkliflər saziş layihəsi deyildi. Sadəcə, əslində bunlar tezislər idi ki, onların əsasında gələcəkdə hansısa sənəd işlənməliydi.  Yəni tərəflər onu əsas kimi qəbul etməliydilər. Azərbaycan tərəfi 1997-1998-ci ildə irəli sürülən təklifləri əsasən ona görə qəbul etmirdi ki, Minsk qrupunun konseptual yanaşması belə idi ki,  danışıqlarda guya 3 tərəf iştirak edir. Yəni Qarabağdakı separatçı rejimi də tərəf kimi qəbul etdirməyə çalışırdılar” -deyə politoloq bildirib.

 

Həmsöhbətimiz “Doğrudanmı 1997-1998-ci illərdə Laçın dəhlizinin indiki kimi 5 km deyil, 22 km olması, Azərbaycanın onu ATƏT-ə icarəyə verməsi, onun da öz növbəsində həmin ərazini keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin istifadəsinə verməli olması haqda təklif irəli sürülmüşdü” sualını da cavablandırıb.

 

“Bəli, belə təkliflər olurdu. Yadımdadır ki, bir dəfə hətta Laçın dəhlizinin 48 km enində olması da təklif olunmuşdu. Yəni guya o vaxtın savaşında ən təhlükəli silahlardan olan  “Qrad” yaylım sistemlərinin atəşi Laçın yoluna çatmamalıydı. Və bundan əlavə, ümumiyyətlə,  sözügedən təkliflərdə keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılacağı təqdirdə Azərbaycana öz ordusunu, eləcə də ağır hərbi texnikalarını həmin ərazilərə yeritmək icazəsi verilmirdi. O bölgələrə yalnız polislərimiz yerləşə bilərdi”-deyə sabiq baş diplomat bildirib.

 

Sultan Laçın

 

Mənbə

Share: