“Bir gözəl insanı, bir möminı, dinimizin böyük, dəyərli və nüfuzlu daşıyıcısını itirdik…”

“Ölüm haqqdır… Amma Hacı Şahin hələ cavan idi və onun dini və milli-mənəvi dəyərlərimizin təbliği üçün görəcəyi işlər çox idi…”

 

“Hacı Şahinin dünyasını dəyişməsi çoxları kim mənə də çox ağır təsir etdi… Bir neçə il öncə İctimai Televiziyada digər din xadimləri və ziyalıların da qatıldığı mənəvi dəyərlərimizlə bağlı verilişlərdən birində bir yerdə iştirak edirdik. Həmin verilişdə onun dinimiz, əxlaqımız, mənəviyyatımızla bağlı söylədiyi uca fikirlər tamaşaçılarla bərabər bizim də qəlbimizə dərindən nüfuz edirdi”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında  dəyərli və nüfuzlu din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin  səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin dünyasını dəyişməsi ilə bağlı  ürək sözlərini bildirən sabiq millət vəkili,  Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova ifadə edib.

 

“Mən Hacı Şahini İslam dinini, Qurani-Kərimi, Peyğəmbər hədislərini dərindən bilən bir din xadimi, ziyalı kimi tanımışam. Həm elmi, həm də mənəvi, əxlaqi baxımdan dəyərli insan idi Hacı Şahin. Elə rəhbəri olduğu “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin adından da bəlli idi, onun mənəviyyat, din, əxlaq adamı olduğu… Yalnız özünün də milli-mənəvi dəyəri olan adam belə bir təşkilata rəhbərlik edərdi…

 

Daha sonra sabiq deputat belə deyib:

 

“Bir dəfə də XX əsrin əvvəllərində Qarabağın, Şuşanın tanınmış din xadimlərindən olmuş rəhmətlik babam Hacı Molla Şükürün Milli Əlyazmalar Fondundan tapdığım bir əlyazmasına baxıb dəyər verməsi üçün Hacı Şahinlə telefonla danışmışdıq….

Onun vəfatı xəbərini eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Hələ onu son mənzilə yola salmağa gələn insan selini görəndə hansı hissləri keçirdik Allah bilir… Ölüm haqqdır… Amma Hacı Şahin hələ cavan idi və onun dini və milli-mənəvi dəyərlərimizin təbliği üçün görəcəyi işlər çox idi. Özü də o, dinimizi, İslamı o hansı ölkənin, dini qrupun, cərəyanın göstərdiyi kimi yox, olduğu kimi, təbliğ etməyə çalışırdı, gənclərimizi yabançı dini təsirlərdən qorumaq üçün mübarizə aparırdı… Həm də Hacı Şahin cəmi 47 yaşında xalqın, cəmiyyətin, xüsusən gənclərin bu qədər hörmətini qazanmışdı, insanların qəlblərinin dərinliyinə nüfuz etmişdi. Bir sözlə, bir gözəl insanı, bir möminı, dinimizin böyük və dəyərli bir daşıyıcısını itirdik… Allah rəhmət eləsin!..”

 

Sultan Laçın 

 

Mənbə

Share: