BMT Yəmənin Hutsi qiyamçılarının nəzarəti altında olan ərazisində yardımı kəskin azaldır

BMT-nin Ərzaq Proqramı (WFP) Yəmənin Hutsi qiyamçılarının nəzarəti altında olan ərazisində humanitar yardımı kəskin şəkildə azaldır. Təşkilatın rəsmisi bu qərarı yardımların çatdırılması zamanı meydana gələn risklərin artması ilə əlaqələndirib.

“Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, Hutsi qiyamçılarının nəzarəti altında olan ərazilərdə gərginliyin artması humanitar yardım ayıran donorları adekvat addımlar atmağa vadar edib. WFP-in təmin etdiyi ərzağın 12 milyon Yəmən sakinini aclıqdan xilas etdiyi, bunun isə 80 faizinin Hutsi ərazilərində yerləşdiyi bildirilir. BMT bu ölkəni ən böyük humanitar fəlakət zonası elan edib və milyonlarla insanın aclıq çəkdiyini bəyan edib. Yardımların xeyli azalması isə bölgədə daha faciəli fəsadlar törədəcək.

Humanitar Məsələlərin İdarəçiliyi və Əlaqələndirilməsi üzrə Ali Şuranın (SCMCHA) Hutsi ərazisi üzrə bölməsi ötən ilin noyabrında yaradılıb. Lakin qısa müddətdə humanitar yardım agentlikləri həmin ərazilərdə təhlükənin artdığını və əməkdaşlarının həyatı üçün risklərin çoxaldığını bəyan ediblər. Artıq Hutsi qiyamçılarının nəzarəti altında olan ərazilərə yardım edən donorlar da bundan imtina ediblər. BMT onları fikrindən daşındırmaq üçün mart ayında xüsusi toplantı keçirməyi planlaşdırır.

Share: