İlin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır ki, bu da qaz istehlakının 19 %-inin Azərbaycan hesabına ödənilməsi deməkdir.
Milletinsesi.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu fikirlər energetika naziri Pərviz Şahbazovun Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşündə səsləndirilib.
Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafına dair məsələlər müzakirə edilib. Azərbaycandan Bolqarıstana qaz ixracının artması yüksək qiymətləndirilib.
Həmçinin, P. Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə görüşüb.
Yunanıstan naziri ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə, Azərbaycandan təbii qazın tədarükünə dair məsələlər müzakirə edilib. Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması istiqamətində Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sənədi və enerji dialoqunun əhəmiyyətindən bəhs edilib. Dəhlizin genişləndirilməsi prosesinin sürətləndirilməsinin və lazımi dəstəklə təmin olunmasının vacibliyi vurğulanıb. Qeyd edək ki, bu il Azərbaycandan Yunanıstana qaz ixracı 1,1 milyard kubmetr həcmində proqnozlaşdırılır.
Həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrda kommersiya fəaliyyətinə başlaması, Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərindən də bəhs edilib.
P. Şahbazovun Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşündə isə Cənub Qaz Dəhlizinin inkişafı və enerji təhlükəsizliyinə Azərbaycanla Türkiyənin birgə töhfələri ilə bağlı fikir mübadiləsi aparılıb.