Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
Millətin Səsi.az xatırladır ki,
qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-Yorkşəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edirlər. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkinadlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin sayı 10 156 366 nəfər olub, onların 50 faizini qadınlar təşkil edir. Ötən il doğulan 112,3 min körpədən 46,4 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2021-ci ildə 10,5 faizədək artıb. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.