Bu il 103 uşaq ailəsinə qaytarılıb

 

Dövlət uşaq müəssisələrindən 103 uşaq reinteqrasiya tədbirləri nəticəsində öz ailəsinə qaytarılıb.

Bu barədə Millətin Səsi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.

Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.