Bu şəxslərin müavinəti artırıldı – 3 sərəncam, 1 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi üzrə səlahiyyətli orqanın müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

İnam Kərimov – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.

 

Share: