“Bu seçkilər həm də gələcək parlament və prezident seçkiləri üçün baş məşq oldu…”

“Seçkilərdə qalib və məğlub olmasından asılı olmayaraq bütün namizədlər ilk açıqlamalarında

bu seçkilərin xalqın iradəsinin ifadəsi kimi hər cür hörmətə layiq olduğunu ifadə etdilər…”

 

“Əkrəm İmamoğlunun İstanbulda, Mansur Yavaşın Ankarada bələdiyyə sədrliklərini qoruyub saxlamalarının Türkiyənin gələcək siyasətinə təsirsiz qalmayacağı aşkardır…”

 

“Martın 31-də Türkiyə Cümhuriyyətinin bütün ərazisində bələdiyyə seçkiləri başa çatdı. Bu seçkilərdə hansı siyasi qüvvənin öndə olmasından asılı olmayaraq, qazanan Türkiyə xalqı oldu  Son onilliklərdə ilk dəfə birinciliyi əldə edən CHP başkanı  Özgür Özəl İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Adana kimi böyük şəhərlərdə qələbələrini “Bu zəfər başqa birinin məğlubiyyəti deyildir”,- deyə ifadə etmişdir”. 

 

Bunu Moderator.az əməkdaşının “Türkiyədə bələdiyyə seçkilərində müxalifətin qələbəsini necə dəyərləndirirsiz? Bu, ölkənin gələcəyi üçün nələr vəd edir?” sualını cavablandırarkən  hazırda “Xalq” qəzetinin Türkiyə təmsilçisi kimi də fəaliyyət göstərən Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı söyləyib.

 

“Bu seçkilərdə həm də konkret nümayəndə kimi seçkilərə qatılan  şəxslərin bacarıq və keyfiyyətləri qiymətləndirildi. Onların siyasi mənsubluğu rol oynadı, amma yerli özünüidarə  orqanları seçkiləri olduğundan daha çox şəxsiyyətlər qiymətləndirildi.  Məsələn, MHP-nin namizədi Ötüken Sengerin  Qarsda qələbəsi Azərbaycan türkü olan həmin alimə olan sevginin göstəricisi idi. BBP-nın Sivasda, YRP-nın Niğdədəki qələbəsi yarışan namizədlərin şəxsi keyfiyyətlərinə və bacarıqlarına verilən qiymət idi… 

 

Seçkilərdə qalib və məğlub olmasından asılı olmayaraq bütün namizədlər ilk açıqlamalarında

bu seçkilərin xalqın iradəsinin ifadəsi kimi hər cür hörmətə layiq olduğunu ifadə etdilər…

 

Əlbəttə, bu seçkidə böyük şəhərlərdə İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Adana kimi, zəlzələ zonasındaki şəhərlərdən gələn nəticələri də maraq doğururdu. Ötən ilin fevralında dağıdıcı zəlzələ nəticəsində yerlə yeksan olmuş vilayətlərdə əsasən “Cumhur İttifaqı”nın namizədlərinin qazanması da zəlzələ məğdurlarının iqtidara, Ərdoğan hakimiyyətinə inamının ifadəsidir. 

 

İBB sədri Əkrəm İmamoğlunun İstanbulda, Mansur Yavaşın Ankarada yenidən bələdiyyə sədrliklərini qoruyub saxlamalarının Türkiyənin gələcək siyasətinə təsirsiz qalmayacağı aşkardır. Bu seçkilər həm də 4 il sonra keçiriləcək parlament və prezident seçkiləri üçün baş məşq oldu”, -deyə davamında professor vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: