Yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurub.
Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurdub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər qırılıb.
Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə baş verdikdən sonra qurum tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.
Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb. 1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına ümumilikdə 500-dən çox eksponat – C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. daxildir.