Çeçenistan rəhbəri müvəqqəti (?) olaraq öz postunu tərk edib

 

“Kadırov bu il artıq iki dəfə məzuniyyətdə olub, bu dəfə məzuniyyət adı altında respublika rəhbərliyindən kənarlaşmaq qərarı verə bilər…”

Çeçenistan hakimi Ramzan Kadırov müharibənin qızğın çağında və “Vaqner qrupu”nun baş tutmayan və onu “yatırtmağa” “Ahmat” bölməsinin gedib çata bilməyən qiyamından bir neçə həftə sonra məzuniyyətə yollanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzeti Çeçenistan Respublikasının başçısı və hökumətinin saytına istinadən məlumat yayıb.

“2023-cü ilin iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Mənim məzuniyyətim dövründə Çeçenistan Respublikası başçısı vəzifələrinin  icrasını Çeçenistan Respublikası hökumətinin sədri Xuçiyev Müslüm Məhəmmədoviçin üzərinə qoyuram”, – sənəddə deyilir.

Yeri gəlmişkən, qəzet qeyd edir ki, Kadırov sosial şəbəkələrdə postlar dərc etməkdə davam edir, məzuniyyət barədə məlumat yoxdur.

Rusiyanın ən iri “Overclockers.ru” informasiya saytı qeyd edir ki, bu il Kadırov artıq iki dəfə-yanvar və aprel aylarında məzuniyyətdə olub. Aprel ayında məzuniyyət Ramazan ayına təsadüf edib, bu müddət ərzində, Kadırovun izah etdiyinə görə, o, rahatca ziyarətlərə gedib və zamanının çoxunu ibadətə həsr edib. Yanvar məzuniyyəti izah edilməyib.

“2022-ci ilin sentyabrında Ramzan Kadırov öz vəzifəsində həddən artıq olduğu və müddətsiz və ya uzunmüddətli məzuniyyətə getmək barədə düşünüb. Lakin bir-iki gündən sonra o, fikrindən daşınıb və özü üçün regionun ən uzunmüddətli səlahiyyətli lideri olmaq qərarı verib”, – “Overclockers.ru” yazıb.

Ukrayna KİV-ləri “Kadırovun işi bitib?” sualını səsləndirir, bununla da Çeçenistan rəhbərinin məzuniyyət adı altında hər halda respublikaya rəhbərlik etməkdən kənarlaşmaq qərarına gəldiyini güman edir.

Xatırladaq ki, son aylar Kadırovun səhhətinin kritik olması barədə fəal şəkildə şayiələr dolaşmaqdadır. Deyilənə görə, onun böyrəkləri praktiki olaraq işləmir, o, hətta danışmağa çətinlik çəkir, dializ proseduru isə artıq kömək etmir.

İyulun 2-də axşam Kadırov Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovla birgə birbaşa efirə çıxaraq təkcə öz xəstəliyi deyil, həm də Delimxanovun yoxa çıxması ilə bağlı məlumatları təkzib edib.

Mənbə

Share: