Cocuq Mərcanlıda iftar süfrəsi

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Fonddan Milletinsesi.az-a verilən məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Cocuq Mərcanlı kəndinin fəxri sakini Oqtay Həziyev, Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Atakişi Atakişiyev, Cocuq Mərcanlı məscidi dini icmasının sədri və imamı Elman Piriyev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim Müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Atakişi Atakişiyev təşkil edilmiş iftar süfrəsi üçün minnətdarlığını bildirib.

Fondun icraçı direktoru M.İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov qeyd edib ki, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Məhz qazilərimizin və şəhidlərimizin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

İftar süfrəsində çıxış edən Fondun icraçı direktor müavini C.Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə.Nəcəfov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı E.Piriyev və digərləri müqəddəs Ramazan ayında şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə iftar süfrəsində bir araya toplaşmağın qürurverici olduğunu diqqətə çatdırıblar.

İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

Share: