Dənizkənarı monitorinqlərlə bağlı seminar – Foto

Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib.

Qurumdan Milletinsesi.az-a bildirilib ki, seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.

Seminarda Səbail rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Hamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həmin ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHT sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə EMMİB-in sədri Qəmzə Yusubova açaraq layihə haqqında məlumat verib.

Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov çıxış edərək, rayon İH-nin cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn ekoloji layihələri bəyəndiyini və hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Seminarda QHT rəhbərləri və KİV nümayəndələrinin sualları cavablandırılıb.

Sonda Q.Yusubova layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatı dəstəyə görə dövlət rəsmilərinə və monitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxri fərmanlar təqdim edilib.

 

Share: