Dedi ki, nə lazımdırsa, edəcəyəm

Bu gün Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə görüşüb. Dövlət başçısı 75 yaşlı aktyora “İstiqlal” ordenini təqdim edib.

Doğum günündə Prezidentlə görüşən Rasim Balayev təəssüratlarını Modern.az-la bölüşüb.

O, görüşün müsbət ab-havada keçdiyini, Prezidentlə kinonun durumu ilə bağlı müzakirələr apardığını söyləyib.

“Prezidentlə görüşüm çox gözəl keçdi. Ona təşəkkürlərimi bildirdim. Biz kinonun hazırkı vəziyyəti barədə danışdıq. Prezident İlham Əliyev kinonun inkişafı üçün nə kömək lazım olsa, edəcəyini dedi. Kinonu inkişaf etdirmək lazımdır. Bizim də borcumuz kinonu inkişaf etdirməkdir”.

Xalq artisti doğum günü ilə əlaqədar xeyli sayda təbriklər aldığını vurğulayıb:

“Minlərlə adam məni təbrik etdi. Dünəndən telefona cavab verirəm, telefonum susmur. Özümə yeni yaşımda ancaq cansağlığı arzu edirəm. Başqa nə deyə bilərəm axı”.

Qeyd edək ki, bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur.

Jalə Rövşən

Mənbə

Share: